Mina və partlamamış hərbi sursatlar probleminə dair birgə qrant müsabiqəsinin nəticələri bəlli olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mina və partlamamış hərbi sursatlar probleminə dair birgə qrant müsabiqəsinin nəticələri bəlli olub

10:12 - Bu gün
Mina və partlamamış hərbi sursatlar probleminə dair birgə qrant müsabiqəsinin nəticələri bəlli olub

İşğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatlar (PHS) probleminin həlli istiqamətində həyata keçirilən təşəbbüslər çərçivəsində elan olunan qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə keçirilən bu müsabiqənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı risklərin dəyərləndirilməsi, xüsusilə keçmiş təmas xəttinə yaxın ərazilərdə məskunlaşan və fəaliyyət göstərən vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmasıdır.

Qeyd edək ki, bu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun ilk birgə layihəsi çərçivəsində təşkil olunan müsabiqə zamanı böyük, orta və kiçik qrant kateqoriyaları üzrə daxil olan 30 layihə təklifinə dair sənədlərin ekspertizası və ətraflı təhlili aparılaraq 10 ən effektiv layihə qalib seçilib. Müəyyən olunmuş istiqamətlər üzrə qaliblərin siyahısı aşağıdakı kimidir:

İşğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı risklərin dəyərləndirilməsi üzrə:

- “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi – “Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək”;

- “Gilavar Foto Klubu” İctimai Birliyi – “Məqsəd 18: Minasız dünya”.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış vətəndaşlar arasında mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması üzrə:

- Beynəlxalq Avrasiya Mətbuat Fondu – “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək”;

- “Dayaq” Qeyri-Hökumət Humanitar Yardım Təşkilatı – “Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri”;

- “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi – “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və PHS təhlükəsinə dair maarifləndirilməsi”;

- “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi – “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi”;

- Futbolun İnkişaf Fondu – “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma”;

- “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi – “Minasız həyat üçün innovativ təşəbbüslər”;

- “İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi – “Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi”.

Mina və PHS-dən zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına dəstək üzrə:

- “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyi – “Mina və PHS-dən zərərçəkənlərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası”.

Layihələrin icrası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: Milli Prioritetlər” sənədlərində müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilir. Minatəmizləmə və maarifləndirmə tədbirləri azad edilmiş torpaqlarımızda təhlükəsiz yaşayışın təmin edilməsi baxımından prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dəstəklənən layihələr mina təhlükəsinin azaldılmasına, əhalinin təhlükəsizliyinin təmin olunmasına və Böyük Qayıdış prosesinə mühüm töhfə verməyə xidmət edəcək.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər