Çinin xüsusi nümayəndəsi: Güc hələ haqlı olmaq demək deyil | 1news.az | Xəbərlər
Siyasət

Çinin xüsusi nümayəndəsi: Güc hələ haqlı olmaq demək deyil

Qafar Ağayev10:00 - Bu gün
Çinin xüsusi nümayəndəsi: Güc hələ haqlı olmaq demək deyil

“Biz beynəlxalq birliyə aydın bir mesaj göndəririk: güc hələ haqlı olmaq demək deyil”.

1news.az xəbər verir ki, bunu XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çin və Qlobal İdarəetmə Təşəbbüsü" adlı panel iclasda Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo deyib.

O bildirib ki, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təşkilatçılığı ilə keçirilən konfransda Çinin yeni diplomatik kursu – Qlobal İdarəetmə Təşəbbüsü (GGI) təqdim olunub. Qeyd olunub ki, bu təşəbbüs rəsmi Pekinin daha əvvəl elan etdiyi qlobal inkişaf, təhlükəsizlik və sivilizasiya təşəbbüslərinin davamı hesab olunur.

Vu Honqbo vurğulayıb ki, BMT-nin 80 illik yubileyi ərəfəsində dünyada idarəçilik defisitinin artdığı bir vaxtda irəli sürülən təşəbbüs artıq 150-dən çox ölkə və beynəlxalq təşkilat tərəfindən dəstəklənib. Onun sözlərinə görə, layihənin əsas məqsədi beynəlxalq münasibətlər sistemində bərabərliyi təmin etmək və mövcud boşluqları aradan qaldırmaqdır.

Diplomat qeyd edib ki, Qlobal İdarəetmə Təşəbbüsü beynəlxalq nizamın yenidən formalaşdırılmasına xidmət edən beş əsas prinsipə əsaslanır. Bu prinsiplər suveren bərabərlik, beynəlxalq hüququn aliliyi, çoxtərəflilik, ortaq təhlükəsizlik və ümumi rifahın təmin edilməsidir.

Onun sözlərinə görə, təşəbbüsə əsasən ölkələrin zənginliyindən, böyüklüyündən və hərbi gücündən asılı olmayaraq hamısı bərabər sayılmalıdır və “güclü olan haqlıdır” prinsipi rədd edilir. Eyni zamanda beynəlxalq sistem BMT Nizamnaməsi və beynəlxalq konvensiyalar əsasında fəaliyyət göstərməlidir.

Vu Honqbo əlavə edib ki, BMT qlobal əməkdaşlıq üçün əsas platforma olaraq qalır və artıq Nyu-York və Cenevrədə təşəbbüs üzrə “Dostlar Qrupu” fəaliyyətə başlayıb.

O bildirib ki, təşəbbüs həmçinin “soyuq müharibə” təfəkküründən uzaq, bütün dövlətlər üçün dayanıqlı və kooperativ təhlükəsizlik mühitinin formalaşdırılmasını, eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında, xüsusilə dənizə çıxışı olmayan və kiçik ada dövlətləri arasında fərqlərin azaldılmasını nəzərdə tutur.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər