İrandan İsrailə intiqam hücumu: 2 nəfər ölüb, çox sayda yaralı var
İranın İsrailə həyata keçirdiyi son raket hücumları nəticəsində azı 2 nəfər ölüb, bir çox ərazidə isə ciddi maddi ziyan yaranıb.
1news.az xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Gerçək Vəd-4” əməliyyatlarının 61-ci dalğası ilə bağlı yaydığı yazılı açıqlamaya istinadən məlumat yayıb.
Açıqlamada Laricaninin qisası məqsədilə çoxbaşlı “Xürrəmşəhr-4”, “Qədir”, “Emad” və “Xeybərşəhr” raketləri ilə Tel-Əvivin hədəfə alındığı bildirilib.
İsrailin Kanal 12 telekanalı isə raketlərin qarşısının alınması zamanı yaranan qəlpələr də daxil olmaqla 20 müxtəlif nöqtəyə düşmə faktının qeydə alındığını qeyd edib.
Məlumata görə, çoxbaşlı raketlərin istifadəsi nəticəsində Tel-Əvivdə qatar stansiyası, Ramat Qan bölgəsində yerləşən bina və ultra-ortodoks yəhudilərin yaşadığı Bney Brak şəhəri başda olmaqla bir sıra ərazilərdə ziyan yaranıb.
“Magen David Adom” təcili tibbi yardım xidmətinin açıqlamasına əsasən, Ramat Qan ətrafında yaşayan 2 nəfər ballistik raket hücumu nəticəsində həyatını itirib. İsrail mətbuatı ölənlərin 70 yaşlarında olan bir cütlük olduğunu yazır.
Bundan əlavə, Bney Brak şəhərində yaşayan 25 yaşlı bir şəxsin qəlpə parçası nəticəsində əlindən yaralandığı və “İçilov” xəstəxanasında müalicə aldığı bildirilib.
Qeyd olunur ki, hücumlar nəticəsində yaranan dağıntılar həvəskar görüntülərdə də əks olunub.












