Türkiyəli müğənni Tülay Özer vəfat edib
1970-ci illərə damğa vuran türkiyəli müğənni Tülay Özer 79 yaşında vəfat edib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir böyrək çatışmazlığı səbəbindən dializ müalicəsi alan sənətçinin ölüm xəbərini musiqi prodüseri Hakan Eren açıqlayıb. O, sosial şəbəkədə “Çox kədərli xəbər aldıq, əziz Tülay Özer bacımızı itirdik” sözlərini yazıb.
Tülay Özer “Büklüm Büklüm”, “İkimiz Bir Fidanız”, “Kalbime Sana Vermişdim” və “Niye Çattın Kaşlarını” kimi mahnılarla tanınırdı.
Erzincanın Kemaliye rayonunda doğulan sənətçi karyerasına 1972-ci ildə başlayıb, 1975-ci ildə “İkimiz Bir Fidanız” adlı 45-lik ilə böyük uğur qazanıb. O, İzmir Fuarında çıxışından sonra “Qızıl Plak” mükafatına layiq görülüb.
1980-ci illərdən etibarən səhnə fəaliyyətini azaldan müğənni son illərdə əsasən ailəsinə və şəxsi həyatına fokuslanmışdı. Onun musiqi dünyasında ən böyük dəstəyi isə müğənni bacısı Zerrin Özer olub.












