TƏBİB-in “815” Çağrı Mərkəzinə fevral ayı ərzində 12 mindən çox zəng daxil olub
TƏBİB-in “815” Çağrı Mərkəzinə fevral ayı ərzində ümumilikdə 12 118 zəng daxil olub.
1news.az xəbər verir ki, müraciətlərdən 11 948 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 170 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 39 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 69 müraciət ilə bağlı məsələ həll edilib, 62 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.
Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.
Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.












