Azərbaycana gələn turistlərin sayında azalmanın səbəbləri nələrdir? - AÇIQLAMA
Son dövrlərdə Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunur və bu, turizm sektorunda müzakirələrə səbəb olub.
Bəs görəsən buna səbəb nədir? Hansı amil ölkəyə turist sayının artmasına səbəb ola bilər?
Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, statistika bunu tam geriləmə kimi yox, artım tempinin zəifləməsi kimi göstərir. 2025-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayı 2.1% azalıb, 2026-cı ilin yanvar–fevral aylarında isə bu göstərici 0.4% təşkil edib.
Ekspert qeyd edir ki, əsas səbəb iqtisadi amillərdir. Xidmət sektorunda qiymətlərin 5–6% artması və beynəlxalq aviabiletlərin bahalaşması turistlərin səfər xərclərinə birbaşa təsir göstərir.
Onun sözlərinə görə, post-pandemiya dövründə turistlər daha ucuz və əlçatan istiqamətlərə üstünlük verirlər, bu da regionda rəqabəti gücləndirib.
Dübəndi mövzu ilə bağlı bildirir:
“İqtisadi amillər burada əsas rol oynayır. Turist üçün qərar ümumi səfər xərclərindən asılıdır. Bu baxımdan Azərbaycan bəzi kütləvi və qiymətə həssas seqmentlər üçün əvvəlki illərlə müqayisədə daha az rəqabətli görünə bilər.
Viza rejimi məsələsində isə vəziyyət daha balanslıdır. Azərbaycan bir sıra əsas bazarlar üçün sadələşdirilmiş giriş mexanizmləri tətbiq edir və bu, statistikada da əks olunur. Məsələn, 2025-ci ildə Çindən gələn turistlərin sayı 40%-dən çox artıb. Bu onu göstərir ki, viza siyasəti effektiv alətdir, lakin mövcud azalma daha çox digər faktorların təsiri ilə bağlıdır”.
Samir Dübəndi region ölkələrlə rəqabətin gücləndiyini də diqqətə çəkib:
“Sosial və davranış amilləri də diqqətə alınmalıdır. Post-pandemiya dövründə turistlər daha əlçatan, daha ucuz və çevik istiqamətlərə üstünlük verirlər. Region ölkələri ilə rəqabət güclənib. Gürcüstan 2025-ci ili təxminən 5.8 milyon beynəlxalq ziyarətçi və 7% artımla başa vurub ki, bu da region daxilində rəqabətin artmasını göstərir”.
Ekspert əlavə edib ki, siyasi və hərbi faktorlar qısamüddətli təsir göstərir, amma struktur problemlər də qalır. Hava nəqliyyatı turist axınının 70%-ni təşkil edir və quru sərhədlərin bağlı qalması yaxın bazarlardan gələn səfərləri məhdudlaşdırır. Bununla belə, Avropa İttifaqı və MDB ölkələrindən gələn turist sayında artım müşahidə olunur ki, bu da bazarın diversifikasiya potensialının yüksək olduğunu göstərir.
O, hesab edir ki, düzgün qiymət siyasəti və hədəfli marketinq yanaşması ilə turizm sektoru yenidən sabit artım trayektoriyasına qayıda bilər.












