İndoneziyada Azərbaycanın turizm potensialı təqdim olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

İndoneziyada Azərbaycanın turizm potensialı təqdim olunur

Qafar Ağayev10:51 - Bu gün
İndoneziyada Azərbaycanın turizm potensialı təqdim olunur

Azərbaycan Turizm Bürosu (ATB) İndoneziyanın Cakarta şəhərində başlayan “Indonesia Travel Expo 2026” (ITE) sərgisində ölkənin turizm potensialını ilk dəfə təqdim edib.

Dövlət Turizm Agentliyindən 1news.az-a bildirilib ki, sərgi çərçivəsində keçirilən işgüzar görüşlərdə Azərbaycan İndoneziya bazarında cəlbedici səyahət istiqaməti kimi tanıdılıb, iştirakçılara yeni turizm məhsulları və xidmətlər barədə məlumat verilib.

Tədbir zamanı yerli səyahət agentlikləri ilə əlaqələrin qurulması, əməkdaşlıqların genişləndirilməsi və yeni biznes imkanlarının araşdırılması istiqamətində görüşlər keçirilib.

İştirak, həmçinin Azərbaycanın İndoneziya bazarında “Umrah Plus” istiqaməti kimi təşviqi baxımından mühüm platforma rolunu oynayıb. Bu çərçivədə ölkənin zəngin İslam irsi, tarixi məscidləri, mədəniyyəti, halal qida imkanları, təbii gözəllikləri və müasir turizm infrastrukturu ön plana çıxarılıb.

Sərgi aprelin 9-da Surabaya şəhərində davam edəcək.

Bununla yanaşı, Cənub-Şərqi Asiya regionunda həyata keçirilən təşviqat fəaliyyəti Malayziya bazarını da əhatə edir. Bu istiqamətdə Azərbaycan Turizm Bürosu Malayziyanın Ümrə ziyarəti üzrə ixtisaslaşmış 20-yə yaxın aparıcı səyahət agentliyi üçün ölkəmizi “Umrah Plus” istiqaməti kimi təqdim edən vebinar təşkil edib.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər