Yasamaldakı yanğının 5 aydır ki, silinməyən izləri - “Ləmanı da itirmək istəmirəm” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamaldakı yanğının 5 aydır ki, silinməyən izləri - “Ləmanı da itirmək istəmirəm” - VİDEO

Ayşən Salehli12:46 - Bu gün
Yasamaldakı yanğının 5 aydır ki, silinməyən izləri - “Ləmanı da itirmək istəmirəm” - VİDEO

Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasındakı yanğında həyatını itirən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova hadisədən 5 ay ötməsinə baxmayaraq, hələ də yanğının səhhətində yaratdığı problemlərlə mübarizə aparır.

1news.az xəbər verir ki, bu barədə Könül Vəlibəylinin anası etdiyi videomüraciətdə danışıb və dövlətdən yardım istəyib.

Məsələ ilə bağlı 1news.az-a danışan ana Mayquba xanım nəvəsinin 5 aylıq müalicə müddətində keçdiyi mərhələlərdən və Türkiyəyə üz tutmaq səbəbindən bəhs edib.

“Şükürlər olsun ki, tüstü onun beyninə ziyan vurmadı, amma ciyərləri çox pis halda idi. “Yeni klinika”ya köçürüləndən sonra 4 ay orada yatdı. Bu müddət ərzində ona ağızdan qida verilmədi. Həkimlərin dili ilə desək, traxeya deşilmişdi. Məsləhət gördülər ki, stent qoyaq. Qoyuldu, ancaq qan qusmağa başladı. Sonra çıxarıb bir qədər gözlədilər. Bu dəfə ikinci stent qoyuldu. Bir-iki ay stent qaldı, amma birləşmə olmadı. Özəl xəstəxanadan həkim gətirdib əməliyyat etdilər. Dörd həftə keçdi, yoxladılar ki, yenə sağalmayıb. Artıq çox ağır vəziyyət yaranmışdı. Ləman özü də xəstəxanadan, iynə-dərmanlardan bezmişdi. Ayaqüstə dayana, ağızdan qidalana, su içə bilmirdi. Həkimlər qərara gəldilər ki, onu 4 günlük evə göndərsinlər. Uşaq evdə çox pis vəziyyətə düşdü. Yenidən xəstəxanaya apardıq. Gördük ki, vəziyyəti getdikcə pisləşir. “Yeni Klinika” əlindən gələni etdi, amma ona əməliyyat üçün tibbi robot tapa bilmədilər. Burada bütün əməliyyatlar pulsuz şəkildə edildi. Hətta özəl xəstəxanadan həkim gətirdib əməliyyat etdirdilər. Ona belə pul alınmadı. Sadəcə stent üçün 4 min manat ödəniş etdik.

Ləmanı Türkiyədə “Acıbadem” xəstəxanasına apardıq. Orada bir dəfə robotla əməliyyat etdilər. Məlum oldu ki, yarası sağalmayıb, sadəcə qaysaqlayıb. İkinci dəfə əməliyyat olundu, sonra stent qoyuldu. Növbəti yoxlanışda açıq əməliyyatın arxasında problem olduğunu bildirdilər. İndi xəstəxananın bütün cərrahları toplaşıb qızda niyə sağalma getmədiyini və arxada duran səbəbləri aydınlaşdıracaqlar. Ləman 1 aya yaxındır ki, “Acıbadem” xəstəxanasında müalicə alır. Təkcə xəstəxanada yatmaq üçün gündəlik 600 dollar pul lazımdır. Üç gün yatdı və əməliyyatla birlikdə ümumilikdə 10 min dollar pul ödədik. Əlavə olaraq da 5 min manat pul ödəmişik. Sonrakı xərclər hələ ki, yığılır, ödəniş etməyə imkan tapmamışıq. Biz də istəyirik ki, sağalsın, gətirək evə. Sağalmamış onu çıxara bilmərik”.

Mayquba xanım son olaraq nəvəsinin müalicəsi üçün dövlətdən dəstək göstərməsini xahiş edib.

“4 ay anasının ölümünü ondan gizlətdik. Sonra dedik ki, eşidib halı pisləşsə, həkimlər yanında olsun. 5 aydır ki, evimizdə gülüş səsi yoxdur. Bizə elə zərbə dəydi ki, hələ də ürəyim ağrıyır, özümə gələ bilmirəm. Mən Könülü itirəndə çox pis oldum. İstəmirəm ki, Ləmanı da itirim. Özəl xəstəxanadadır. Xərclər çoxdur. Əlimizdən gələni etdik, amma biz də tükənmişik. Artıq dövlətdən yardım istəyirik”.

Xatırladaq ki, 2025-ci ilin 21 noyabr tarixində Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər həlak olmuş, 20 nəfər isə tüstüdən zəhərlənmişdi.

Paylaş:
187

Son xəbərlər

Bütün xəbərlər