Kəmalə Məmmədova: Bakı ilə İrəvan arasında dialoqun qurulmasında medianın rolu vacibdir
Bakı ilə İrəvan arasında dialoqun qurulmasında medianın rolu çox vacibdir.
Bu barədə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti ekspertlərinin görüşünə həsr olunmuş mətbuat konfransında 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova bildirib.
Onun sözlərinə görə, media mövzusu bu gün keçirilən panel müzakirələrində də əsas mövzulardan biri olub.
“Şübhəsiz ki, medianın dialoqun formalaşdırılmasında və konstruktiv sülh gündəliyinin təşviqində rolu son dərəcə böyükdür. Avqust ayından, Vaşinqton sammitindən sonra bu tendensiya xüsusilə nəzərə çarpmağa başlayıb. “Sülh Körpüsü” təşəbbüsünün başlaması ilə Azərbaycan mediasında erməni ekspertlərlə müsahibələrin, eləcə də erməni mediasında azərbaycanlı ekspertlərlə materialların sayı əhəmiyyətli dərəcədə artıb. Həmkarların qeyd etdiyi kimi, nifrət nitqi və aqressiv dilin səviyyəsində azalma müşahidə olunur ki, bu da prinsipial əhəmiyyət daşıyır. Medianın vasitəsilə cəmiyyətə sülhün nə olduğunu çatdırmaq da az əhəmiyyətli deyil, çünki bir çoxları onun mahiyyətini tam dərk etmir. Sülh sazişinin hansı üstünlüklər və müsbət dəyişikliklər gətirəcəyini izah etmək lazımdır. Biz bu istiqamətdə ardıcıl fəaliyyətimizi davam etdirmək niyyətindəyik”, - deyə Məmmədova vurğulayıb.












