Kahramanmaraşdakı məktəbə hücum edən şəxsin kompüterindən hücum planı çıxdı - DETALLAR
“Hadisəni törədən şəxsin evində aparılan axtarış zamanı onun kompüterində yaxın zamanda böyük bir əməliyyat həyata keçirəcəyinə dair 11.04.2026 tarixli bir sənədin mövcud olduğu müəyyən edilib”.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Kahramanmaraş Respublika Baş Prokurorluğu apardığı araşdırma nəticəsində bildirib.
Edilən araşdırmalar nəticəsində:
“Kahramanmaraş rayonunun Haydarbey məhəlləsində yerləşən Ayser Çalık Ortaokulu adlı təhsil müəssisəsinə 15.04.2026 tarixində saat 13:30 radələrində silahlı hücum təşkil edildiyi, hadisə nəticəsində şagird və müəllimlər arasında ölən və yaralananların olduğu barədə məlumat daxil olduqdan sonra Kahramanmaraş Respublika Baş Prokurorluğu tərəfindən faktla bağlı dərhal istintaq başladılmışdır.
İstintaqın aparılması üçün 3 Baş prokuror müavini və 10 prokuror təyin olunmuşdur.
Hadisəni törədən şəxsin həyata keçirdiyi əməl nəticəsində 1 müəllim və 8 şagird olmaqla ümumilikdə 9 nəfər həyatını itirmiş, 6-sının vəziyyəti ağır olmaqla ümumilikdə 13 şagird yaralanmışdır. Hücumu törədən şəxs isə hadisə yerində ölü vəziyyətdə aşkar edilmişdir. Həyatını itirən şəxslər üzərində tibbi müayinə və məhkəmə-tibbi ekspertiza (otopsiya) prosedurları tamamlanmış və dəfn olunmaları üçün cənazələri ailələrinə təhvil verilmişdir.
Hadisə yerində təqsirkar tərəfindən istifadə olunan 5 ədəd tapança götürülərək həmin silahlar kriminal ekspertizaya cəlb edilmişdir. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən tapançalar təqsirkarın atası, polis baş müfəttişi Uğur Mersinlinin adına rəsmi qeydiyyatda olub. Bununla əlaqədar olaraq şübhəli Uğur Mersinli saxlanılmış, ifadəsi alındıqdan sonra həbs qətimkan tədbirinin seçilməsi üçün Növbətçi Sülh Cəza Hakimliyinə göndərilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə təhvil verilmişdir.
Hadisəni törədən şəxsin evində aparılan axtarış zamanı onun şəxsi kompüteri və mobil telefonu kimi rəqəmsal vasitələrinə əl qoyulmuşdur. Bu materiallar üzərində aparılan araşdırmalar zamanı təqsirkarın kompüterində 11.04.2026 tarixli, yaxın zamanda böyük bir hücum həyata keçirəcəyini göstərən sənəd aşkar edilmişdir.
Mövcud sübutlar əsasında hadisənin hər hansı terror əlaqəsi müəyyən edilməmiş və ilkin qənaətə görə, bu əməl təqsirkar tərəfindən fərdi şəkildə törədilmişdir. Hadisə ilə bağlı daha əvvəl tətbiq olunan yayım qadağasına baxmayaraq, təxribat xarakterli paylaşımlar edən hesablar barəsində də müvafiq hüquqi tədbirlərə başlanılmışdır. İstintaq, uşaqları müxtəlif mənfi davranışlara yönləndirən rəqəmsal platformaların araşdırılması da daxil olmaqla, bütün istiqamətlər üzrə genişləndirilmiş şəkildə davam etdirilir.
Bu mərhələdə aparılan istintaqla bağlı yalnız rəsmi və səlahiyyətli qurumların açıqlamalarına etibar edilməsi mühüm əhəmiyyət kəsb edir. Hadisə ilə bağlı araşdırma bütün aspektlər üzrə və yüksək dəqiqliklə davam etdirilir”- ,deyə prokurorluqdan bildirilib.












