Filmləri xatırladan bank soyğunu: 25 nəfər girov götürüldü, kassa oğurlandı | 1news.az | Xəbərlər
Dünya

Filmləri xatırladan bank soyğunu: 25 nəfər girov götürüldü, kassa oğurlandı

Oksana Orucova10:35 - Bu gün
Filmləri xatırladan bank soyğunu: 25 nəfər girov götürüldü, kassa oğurlandı

İtaliyanın Napoli şəhərində gündüz saatlarında baş verən və filmləri xatırladan silahlı soyğun zamanı bir qrup şəxs “Credit Agricole” bankına hücum edərək 25 nəfəri girov götürüb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, soyğunçular bankdakı kasaları boşaltdıqdan sonra yeraltı tunellər vasitəsilə hadisə yerindən qaçmağa nail olublar.

Hadisə yerli vaxtla günorta saatlarında başlayıb. Polis qüvvələri qısa müddətdə bank binasını mühasirəyə alıb. Təxminən iki saat davam edən danışıqlardan sonra girovlar azad edilsə də, hücum edənlərin izinə rast gəlinməyib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə xilasedicilərin xüsusi alətlərdən istifadə edərək bankın şüşələrini sındırdığı və insanları təxliyə etdiyi əks olunub. Xilas edilənlərdən bəzilərinin şok vəziyyətində olduğu, altı nəfərə isə tibbi yardım göstərildiyi bildirilib.

Hadisə şahidlərindən biri yerli mediaya açıqlamasında qeyd edib ki, silahlı şəxslər onları bir otağa kilidləsə də, fiziki zorakılıq tətbiq etməyiblər.

Rəsmi şəxslərin sözlərinə görə, operativ müdaxilə nəticəsində bütün girovlar ciddi xəsarət almadan xilas edilib. Hadisənin miqyası nəzərə alınaraq xüsusi təyinatlı qüvvələr də bölgəyə cəlb olunub.

Əməliyyat zamanı bank binasına daxil olan hüquq-mühafizə orqanları əməkdaşları soyğunçuların artıq qaçdığını müəyyən ediblər. İlkin məlumata əsasən, hücum edənlər əvvəlcədən hazırladıqları tunel vasitəsilə kanalizasiya sisteminə daxil olaraq gizləniblər.

Soyğunun maliyyə həcmi hələ açıqlanmayıb. Bildirilir ki, cinayətkarlar əsasən nağd puldan çox, izlənməsi çətin olan fərdi kirayə kassalardakı qiymətli əşyaları hədəf alıblar.

Hazırda polis kanalizasiya xətləri boyunca genişmiqyaslı axtarış əməliyyatı aparır.

Paylaş:
114

Son xəbərlər

Bütün xəbərlər