Instagramda yenilik - profil dizaynını dəyişə biləcəksiniz
Instagram istifadəçilərin profil görünüşünü daha sərbəst şəkildə tənzimləməsinə imkan verən yeni funksiyanı istifadəyə verib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, artıq paylaşımların profil səhifəsindəki yerini dəyişmək mümkün olacaq.
Yeni xüsusiyyət sayəsində istifadəçilər profil şəbəkəsində (grid) yerləşən foto və videoların sıralamasını paylaşım tarixinə bağlı qalmadan yenidən düzə biləcəklər. Beləliklə, məzmun istehsalçıları, brendlər və fərdi istifadəçilər profillərini istədikləri vizual görünüşə uyğun şəkildə formalaşdıra biləcəklər.
Uzun müddətdir istifadəçilər tərəfindən tələb olunan yenilik xüsusilə profilinin estetik görünüşünə önəm verən hesablar üçün diqqətçəkən hesab olunur. Daha əvvəl profil şəbəkəsində yalnız paylaşımları sabitləmək mümkün idisə, yeni yeniləmə daha geniş tənzimləmə imkanları təqdim edir.
İnstagram rəhbərliyi bildirib ki, yeni funksiya istifadəçilərin yaradıcılıq imkanlarını artıracaq və profil səhifələrinin daha fərdi şəkildə dizayn edilməsinə kömək edəcək.
Sosial media mütəxəssislərinin fikrincə, yenilik xüsusilə biznes hesabları, kontent yaradıcıları və influenserlər üçün əhəmiyyətli üstünlüklər yaradacaq.
Paylaşımın yerini necə dəyişmək olar?
Profilinizdə yerini dəyişmək istədiyiniz paylaşımın üzərinə basılı saxlayın;
Açılan menyudan “Şəbəkədə tənzimlə” (Arrange Grid) seçimini edin;
Paylaşımı profil şəbəkəsində istədiyiniz yerə sürüşdürün;
Dəyişiklikləri tamamladıqdan sonra yadda saxlayın.












