Gənc cüdoçu Rəsul Səmədzadə Afrikanın qəlbində Azərbaycanın adını ucaldıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənc cüdoçu Rəsul Səmədzadə Afrikanın qəlbində Azərbaycanın adını ucaldıb – FOTO – VİDEO

13:48 - Bu gün
Gənc cüdoçu Rəsul Səmədzadə Afrikanın qəlbində Azərbaycanın adını ucaldıb – FOTO – VİDEO

Baku Oxford School-un şagirdi, Judo Club 2012-nin üzvü, 14 yaşlı Rəsul Səmədzadə Uqandaya səfər edərək oradan yalnız xeyirxah əməllərlə deyil, həm də Azərbaycan haqqında xoş xatirə ilə geri qayıdıb.

Çepuskiniya qəsəbəsində Rəsul təmiz içməli suyun təmin edilməsi üçün su kəmərinin çəkilişini təşkil edib – işlər 20 gün davam edib. Nəticədə üç kənd və yerli məktəb su ilə təmin olunub, yüzlərlə insan əvvəllər əlçatmaz olan bu mühüm resursa çıxış əldə edib. Paralel olaraq sakinlərə ərzaq yardımı da göstərilib.

“Bilirəm ki, Uqandada uşaqlar hər gün saatlarla suyu evə daşımaq üçün vaxt sərf edirlər. Halbuki bu vaxtı məktəbdə keçirməli, təhsil almalı və inkişaf etməlidirlər. Mənim çəkdirdiyim su kəməri sadəcə borular deyil, Uqanda uşaqları üçün ağır zəhmət əvəzinə təhsili seçmək imkanıdır”, – deyə Rəsul Səmədzadə bildirib.

Nomalo qəsəbəsində Rəsul Səmədzadə yerli məktəbə kompüter və çoxsaylı dəftərxana ləvazimatları hədiyyə edib, eyni zamanda uşaqlar üçün cüdo üzrə ustad dərsləri təşkil edib. Bunun üçün o, xüsusi olaraq Azərbaycandan 30 ədəd kimono gətirərək gənc idmançılar arasında paylayıb – onların bir çoxu üçün bu, həmin idman növü ilə ilk tanışlıq olub.

“Cüdo yalnız mübarizə aparmağı öyrətmir, o, rəqibə hörmət etməyi, zərbəyə dözməyi və özünə inanmağı aşılayır. İstədim ki, bu uşaqlar da mənim ilk dəfə kimono geyinərkən yaşadığım hissləri yaşasınlar. Bəlkə də onların arasında gələcək çempion var və artıq onun bir şansı yaranıb”, – deyə azərbaycanlı cüdoçu bildirib.

Görülən işlər Uqanda hökumətinin də diqqətindən kənarda qalmayıb. Rəsul Uqanda Cüdo Federasiyasının prezidenti Corc Uilyam, həmçinin ölkənin Gənclər və İdman Nazirliyinin baş katibi Bernard Patrik Oqvel ilə görüşüb.

Görüşlərin yekununda ona infrastruktur layihələrinin həyata keçirilməsi, yerli əhaliyə ərzaq yardımı göstərilməsi və ölkədə cüdonun inkişafına verdiyi töhfəyə görə fəxri fərmanlar və rəsmi təşəkkür təqdim olunub.

“Uqandaya mükafat almaq üçün getməmişdim – sadəcə buna ehtiyacı olan insanlara kömək etmək istəyirdim. Amma mənim üçün çox vacib idi ki, harada olurdumsa, bilsinlər: bu, azərbaycanlıdır. İstəyirdim ki, uzaq Afrika kəndində insanlar “Azərbaycan” sözünü eşitsinlər və bu söz onlarda xeyirxahlıq, qayğı və hörmətlə assosiasiya olunsun. Azərbaycan böyük ürəyə malik bir ölkədir və ümid edirəm ki, bunu göstərə bildim”, – deyə Rəsul Səmədzadə qeyd edib.

Paylaş:
108

Son xəbərlər

Rza Tamer vəfat etdi

Bu gün, 12:37
Bütün xəbərlər