“Kabus obyekt”: Keçmiş Azərbaycan Beynəlxalq Universitetinin binasına kim cavabdehdir?
Oxuculara uzun illərdir şəhər mifologiyasının bir hissəsinə çevrilmiş və çəkilişlər üçün populyar məkana dönmüş Azərbaycan Beynəlxalq Universitetinin tərk edilmiş binası haqqında material təqdim etməyi planlaşdırırdıq.
Lakin bu obyektin hazırkı vəziyyətini sadəcə nümayiş etdirmək cəhdi gözlənilmədən hələlik cavabsız qalan suallar doğurdu.
1997-ci ildə təsis edilən bu özəl ali təhsil müəssisəsi Azərbaycan Təhsil Nazirliyinin lisenziyasının ləğv edilməsindən sonra 2010-cu ildə fəaliyyətini dayandırıb.
Həmin vaxtdan etibarən universitetin binası boş qalıb.
Lakin tərk edilmiş bu binanın fasadı arxasında mürəkkəb hüquqi tarix gizlənir. Xatırladaq ki, cari ilin fevral ayında Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin əmlakı rəsmi şəkildə müsadirə olunub. Qeyd edək ki, Elşad Abdullayev bir neçə maddə üzrə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunub.
Bəs bu, obyektin hazırkı vəziyyəti ilə necə əlaqəlidir? Məsələ ondadır ki, məhkəmə qərarına əsasən dövlətin xeyrinə keçirilən aktivlər siyahısına universitetin yerləşdiyi 34 349,7 kvadratmetr sahəni əhatə edən torpaq sahəsi də daxil edilib. Həmin ərazinin bazar dəyəri 16,5–18,1 milyon manat aralığında qiymətləndirilir ki, bu da bu gün boş qalan obyekti şəhərin ən bahalı “kabus”larından birinə çevirir.
Uzun müddət ərzində keçmiş universitetin ərazisi bloqerlər və influenserlər arasında populyarlıq qazanıb. Sosial şəbəkələrdə burada keçirilən çoxsaylı fotosessiyalara dair görüntülərə geniş şəkildə rast gəlinir.




1news.az-ın əməkdaşları da reportaj hazırlamaq üçün tərk edilmiş universitetin ərazisində çəkiliş aparmağa cəhd ediblər, lakin peşə fəaliyyətlərini yerinə yetirərkən maneələrlə üzləşiblər.
Özünü obyektin mühafizəçisi kimi təqdim edən şəxs çəkiliş qrupunun qarşısını kəsib. Əməkdaşlarımızın sözlərinə görə, onu xidməti it müşayiət edib. O, əraziyə girişə mane olmasını hazırda universitetin ərazisində bir sexin fəaliyyət göstərməsi və kənar şəxslərin daxil olmasının qəti qadağan edilməsi ilə əsaslandırıb.
Bundan əlavə, həmin şəxs hadisə yerinə polis əməkdaşı çağırıb. Lakin hüquq-mühafizə orqanının nümayəndəsi əraziyə çatana qədər çəkiliş qrupu artıq oranı tərk edib. Girişə icazə verilmədiyindən jurnalistlər keçmiş təhsil müəssisəsinin bazasında konkret olaraq hansı istehsalın qurulduğunu və bu fəaliyyətə kimin icazə verdiyini müəyyənləşdirə bilməyiblər.
Hadisələrin bu cür gözlənilməz inkişafını nəzərə alaraq, Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik.
Qurumdan bildirildi ki, bu məsələ ilə bağlı onlarda hər hansı məlumat yoxdur və ərazinin idarə olunmasına cavabdeh olan qurumlara müraciət etməyimiz tövsiyə olundu.
“İcra hakimiyyəti qeyri-yaşayış sahələri ilə bağlı məsələlərə müdaxilə etmir. Bu cür obyektlərlə yalnız Bakı Şəhər İcra Hakimiyyətindən və ya Memarlıq Komitəsindən müvafiq məlumat daxil olduqda məşğul oluruq”, – deyə rayon administrasiyasında bildirilib.
Araşdırma zamanı məlum olub ki, universitetin ərazisi Elm və Təhsil Nazirliyinin balansında deyil və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də aidiyyəti yoxdur. Təhsil müəssisəsi əvvəlcədən özəl olduğu üçün fəaliyyətini dayandırdıqdan sonra bina bir müddət özəl mülkiyyətdə qalıb.
Araşdırmamızı davam etdirərək və keçmiş universitetin divarları arxasında əslində nələrin baş verdiyini öyrənmək məqsədilə Dövlət Əmlak Məsələləri Xidmətinə sorğu ünvanladıq.
Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən obyektlə bağlı araşdırma aparılıb və yoxlama nəticəsində Azərbaycan Beynəlxalq Universitetinin ərazisinin onların balansında olmadığı müəyyən edilib.
Nəhayət, hər hansı məlumat əldə etmək ümidi ilə müraciət etdiyimiz son dövlət qurumu Ədliyyə Nazirliyi olub.
Lakin qurumdan verilən cavabda qeyd edilib ki, qaldırılan məsələlər onların fəaliyyət sahəsinə aid deyil və müvafiq ixtisaslaşmış quruma müraciət etməyimiz tövsiyə olunub.
Təəssüf ki, bu istiqamətdə apardığımız araşdırmalar nəticəsiz qalıb. Bir sıra dövlət qurumlarına müraciət etsək də, nə obyektin yeni sahiblərini, nə də ərazinin hansı qurumun idarəsində olduğunu müəyyənləşdirə bildik. Bir növ “kabus”a çevrilmiş bina və ona bitişik sahə hələ də öz müəmmalı sükutunu qoruyur.
Nəticədə, videoreportaj hazırlamaq cəhdimiz uğursuzluqla nəticələnib. Jurnalistlər nəinki əraziyə daxil ola, hətta ən əsas suallara — obyektə kimin nəzarət etdiyi, orada hansı əsasla fəaliyyət göstərildiyi və giriş-çıxışla bağlı icazələrin kim tərəfindən verildiyi kimi məsələlərə də aydınlıq gətirə bilməyiblər.
Halbuki əvvəllər bu ərazidə bloqqerlər sərbəst şəkildə fəaliyyət göstərir, müxtəlif çəkilişlər aparılırdı. Hazırda isə obyekt faktiki olaraq qapalı vəziyyətə gətirilib — giriş qaydaları aydın deyil və onun istifadəsi ilə bağlı qərarların kim tərəfindən və hansı əsaslarla verildiyi şəffaf deyil.












