“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub
Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası (UNESCAP) çərçivəsində “İnklüziv xidmətlərin göstərilməsində innovativ yanaşmalar: sosial innovasiya vasitəsilə transformativ təsirin gücləndirilməsi” mövzusunda tədbir təşkil olunub.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, tədbirin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində vətəndaş iştirakı, əlçatanlıq və inklüzivlik əsasında qabaqcıl təcrübə və əldə olunmuş nəticələri paylaşmaq, eləcə də, müvafiq sahələr üzrə yeni yanaşmalar barədə fikir mübadiləsi aparmaq olub.
Dövlət Agentliyinin şöbə müdiri Məhəmmədəli Xudaverdiyev Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən işlər barədə onlayn formada geniş təqdimat edib.
Tədbir çərçivəsində “DOST” Agentliyinin nümayəndəsi ölkəmizin “DOST” konsepsiyası barədə geniş məlumat verib. Eləcə də Çin, Türkiyə, Tailand və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının aidiyyəti üzrə fəaliyyət göstərən nümayəndələri müvafiq sahə üzrə həyata keçirilən layihələr barədə çıxış ediblər.












