1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

09:20 - Bu gün
1 iyun –  Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

1news.az xəbər verir ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında bu tarixin uşaqların müdafiəsinə həsr olunması barədə qərar qəbul edilib. Həmin vaxtdan etibarən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

BMT tərəfindən uşaq hüquqlarına dair konvensiya qəbul edilib və Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sənədə qoşulub. Bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir.

Uşaqların sağlam, hərtərəfli inkişaf edən və Vətənə layiqli vətəndaşlar kimi yetişməsi üçün ölkədə zəruri şərait yaradılıb. Şübhəsiz ki, uşaq hüquqları insan hüquqlarının ən vacib və ayrılmaz tərkib hissəsidir. Uşaqlar Azərbaycanın gələcəyidir və ölkənin sabahı məhz onların əlindədir.

Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə davam etdirən Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı layihələr həyata keçirilir. Fondun prezidenti, ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlara daim diqqət və qayğı göstərir.

Azərbaycanda uşaq hüquqlarının təmin olunması, onların istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində ardıcıl tədbirlər görülür. Xüsusilə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də aztəminatlı uşaqlara xüsusi diqqət ayrılır. Eyni zamanda, əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və sosial həyata cəlb olunması istiqamətində mühüm addımlar atılır.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər