Konsulluğumuz Zeynəb Cavadlı məsələsini nəzarətə götürüb
Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı eks-gimnast Zeynəb Cavadlı ilə bağlı məsələ nəzarətə götürülüb.
1news.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Baş Konsulluqdan bildirilib.
Məlumata görə, diplomatik nümayəndəlik Zeynəb Cavadlı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən məlumatlıdır:
“Məsələnin araşdırılması və qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki aidiyyəti qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə müvafiq işlər aparılır. Baş Konsulluq konsulluq mandatına uyğun olaraq zəruri tədbirləri görməkdədir”.
Qeyd edək ki, Zeynəb Cavadlı və üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia edilir. Məsələ ilə bağlı açıqlama verən idmançının britaniyalı vəkili Devid Heyq bu hadisədən sonra müvəkkili ilə bütün əlaqələrin kəsildiyini bildirib. Zeynəbə dəstək üçün Dubaya yollanan anasının da evə daxil olmasına icazə verilmədiyi və ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
Hadisə ilə əlaqədar artıq BMT-yə müraciət edilsə də, bundan təxminən iki ay əvvəl Dubay məhkəməsinin uşaqların atası Şeyx Səidə verilməsi barədə qərar çıxardığı məlumdur. Sözügedən sənəddə zərurət yaranacağı təqdirdə hökmün "məcburi qaydada və zor tətbiq edilməklə" icra oluna biləcəyi vurğulanıb.












