Azər Əmiraslanov: Azərbaycan rəqəmsal iqtisadiyyata keçidə illər öncə hazırlaşıb
“2016-cı ildə cənab Prezident qeyd etmişdir ki, gələcək dövr intellektual inkişaf, innovasiya dövrü olacaqdır ”.
1news.az xəbər verir ki, bu sözləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirdiyi ictimai dinləmə zamanı səsləndirib.
"Və bu, həmin dövrdür ki, qloballaşma prosesi ilə biz üz-üzəyik, iqtisadiyyatda ciddi rəqabət dövrüdür. Bu həm də onunla bağlıdır ki, rəqəmsal inkişaf, rəqəmsal iqtisadiyyat bizim üçün həm də davamlı, dayanıqlı iqtisadi inkişafı təmin edir, iqtisadi artımı təmin edir və biz həm də rəqəmsal iqtisadiyyata bu gün müasir iqtisadi inkişaf modelindən, bizim dayanıqlı iqtisadi artım strategiyamızın komponenti kimi yanaşma qəbul edirik".
O qeyd edib ki, 2021-ci ildə sosial-iqtisadi inkişaf üzrə milli prioritetlərdə də məhz intellektual kapitalla bağlı, innovasiya məkanının formalaşdırılması ilə bağlı bizim strateji sənətdə məhz üçüncü prioritet kimi elan edilmişdi. Bu ondan xəbər verir ki, dövlətimizin, ölkə rəhbərliyinin strateji baxışı illər öncə nümayiş olunub. Biz bu prosesə illər öncə hazırlaşmışıq. Yəni hər hansı inkişaf modelinə keçid sadəcə olaraq proqramlarla, strateji sənədlərlə reallaşa bilməz. Bunun üçün çox vacib olan, baş bəşəri şərt bu proses üçün infrastrukturun formalaşdırılmasıdır. Və son 10 il ərzində bu istiqamətdə çox mühüm işlər görülmüşdü.












