"MyGov"da yeni era: Süni intellekt artıq vətəndaşların xidmətindədir
“Artıq "MyGov"da süni intellekt rəqəmsal köməkçi fəaliyyət göstərir”.
1news.az xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirdiyi ictimai dinləmə zamanı səsləndirib.
"Vətəndaşlar xidmətlərlə bağlı məlumatları mətn şəklində yazıb, "MyGov"dan cavab ala bilərlər. Təbii ki, sistem üzərindəki işlər davam etdirilir və növbəti aylarda bizim əsas hədəflərimizdən biri "MyGov"a səs texnologiyalarını da - səsdən mətnə keçirilmə və yaxud mətndən səsə keçirilmə funksiyalarını əlavə etməkdir. Bu o deməkdir ki, vətəndaş artıq yalnız mətn formasında yox, həmçinin səslə öz istəklərini və yaxud da hansısa bir suallarını bildirəcək və artıq "MyGov"dan səsli şəkildə də cavab alacaq. Süni intellekt bütün bu prosesləri müvafiq qaydada yönəldəcəkdir. Bütün bunlar bizim süni intellekt istiqamətində görülən, Şura tərəfindən görülmüş işlərin bir hissəsidir"












