Ərdoğan: Rəqəmsal suverenliyimizi təmin etmək və möhkəmləndirmək bizim birinci prioritetimizdir
"Rəqəmsal suverenliyimizi təmin etmək və möhkəmləndirmək bizim birinci prioritetimizdir".
1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən II Kommunikasiya Şurasında çıxış edib.çıxışı zamanı deyib.
"Güclü və təhlükəsiz kommunikasiya infrastrukturu isə rəqəmsal suverenliyin ən mühüm alətlərindən biridir. Kommunikasiya sahəsində müəyyən etdiyimiz baxışın bütün elementləri ilə həyata keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yaşadığımız dövrdə kommunikasiyanı yalnız texnologiya çərçivəsində qiymətləndirmək artıq mümkün deyil".
Türkiyə Prezidenti vurğulayıb ki, hərbi güc, möhkəm dövlət institutları, zəngin təbii resurslar və dayanıqlı iqtisadiyyat nə qədər əhəmiyyətli olsa da, həqiqəti qorumaq mümkün olmadıqda firavan gələcək qurmaq çətinləşir.
"Yalanın sürətlə yayıldığı, məzlumların səsinin kifayət qədər eşidilmədiyi bir dünyada həqiqət uğrunda mübarizənin əhəmiyyəti daha da artır".
Ərdoğanın sözlərinə görə, kommunikasiya ictimai diplomatiyadan iqtisadi inkişafa, böhran və fövqəladə halların idarə olunmasından ölkənin mövqeyinin dünya ictimaiyyətinə düzgün çatdırılmasına qədər geniş sahəni əhatə edir.
"Buna görə də kommunikasiyanın bütün imkan və vasitələrindən ən səmərəli şəkildə istifadə etməli, həm ənənəvi mediada, həm də rəqəmsal mühitdə güclü mövcudluq nümayiş etdirməliyik".
Türkiyə Prezidenti bildirib ki, kommunikasiya sahəsində uğur yalnız görünürlüklə ölçülməməlidir.
"Əsl uğur görünən olarkən insan ləyaqətindən, xüsusilə şəxsi həyatın toxunulmazlığından və həqiqətdən güzəştə getməməkdir. Məxfiliyin getdikcə aşındığı müasir dövrdə həqiqəti, şəxsi həyatın toxunulmazlığını və cəmiyyətin etimadını qoruyan rəqəmsal kommunikasiya ekosistemi qurmaq əsas hədəfimizdir".
Ərdoğan qeyd edib ki, Türkiyə insanı və ümumbəşəri dəyərləri əsas götürən, hüquq və həqiqətə söykənən, texnologiyadan düzgün istifadə edən və sivilizasiya dəyərlərindən bəhrələnən kommunikasiya modelini inkişaf etdirməyə davam edir.
"Hazırda yalnız öz peyklərimiz vasitəsilə 5 milyard insana çatmaq imkanına malikik".












