Taleh Kazımov: Azərbaycan İslam maliyyə ekosisteminin inkişafına töhfə verməyə hazırdır
"İslam maliyyəsinin gələcəyi kollektiv fəaliyyətdən asılıdır".
1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda deyib.
Onun sözlərinə görə, əsas hədəflərdən biri yerli maliyyə institutlarında insan kapitalını inkişaf etdirmək, eyni zamanda nəzarət orqanlarının, müstəqil auditorların və digər bazar iştirakçılarının peşəkar potensialını gücləndirməkdir. Bu məqsədlə beynəlxalq tərəfdaşlarla birgə seminar və təlimlər təşkil edilərək potensialın artırılmasına və effektiv İslam maliyyəsi ekosisteminin formalaşmasına dəstək verilir.
AMB sədri vurğulayıb ki, növbəti mərhələnin uğuru ayrı-ayrı milli səylərdən deyil, məhz kollektiv fəaliyyətdən asılı olacaq.
"Forumun əsas nəticələrindən biri yurisdiksiyalar arasında institusional əməkdaşlığın daha da güclənməsi olacaq. Tədbir isə İslam maliyyəsində dürüstlük, şəffaflıq və innovasiyaya sadiqliyin növbəti təsdiqidir".
T.Kazımov əlavə edib ki, Azərbaycan İslam maliyyə ekosisteminin inkişafına töhfə verməyə hazırdır.
Onun sözlərinə görə, ölkə islahatçı regionlarla bazarlar arasında körpü rolunu oynayaraq bu gələcəyin formalaşmasında iştirak etmək niyyətindədir. “Coğrafiya şəraitimizi formalaşdırır, seçimlərimiz isə gələcəyimizi müəyyən edir. Bu gün qurduğumuz əməkdaşlıqlar gələcəyimizin əsasını təşkil edəcək”, – deyə o vurğulayıb.











