Andrey Yatskin: Bakı görüşü konstruktiv əməkdaşlıq üçün mühüm platformadır
“Parlamentlərarası Komissiyanın növbəti, 24-cü iclasının keçirilməsi əməkdaşlığımızın davamlı xarakterini göstərir”.
1news.az xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında deyib.
Komitə sədri deyib ki, parlamentlərarası əməkdaşlıq dostluq və müttəfiqlik münasibətlərinin mühüm istiqamətlərindən biridir.
“Yenidən Bakıda olmaqdan və parlamentlərimizin rəhbərlərinin tapşırıqlarını yerinə yetirməkdən məmnunluq duyuruq. Valentina Matviyenkonun adından sizi salamlayıram. Gündəliyimizdə yer alan məsələlər mühüm əhəmiyyət daşıyır və uzun müddətdir bu formatda müzakirə olunmurdu. Bu təşəbbüsə görə Azərbaycan tərəfinə təşəkkür edirəm. Əminəm ki, səhiyyə və təhsil sahəsində müzakirələr konstruktiv olacaq və qəbul ediləcək qərarlar real nəticələr verəcək”.
O, bildirib ki, Rusiya və Azərbaycan liderləri parlamentlərarası əməkdaşlığa xüsusi önəm verirlər.
“Vladimir Putin və İlham Əliyev əməkdaşlığımızın istiqamətlərini müəyyən edir və bu münasibətlər parlament səviyyəsində də dəstəklənir. Müntəzəm görüşlərin keçirilməsi bu prosesdə əsas amillərdəndir və biz ildə iki dəfə toplaşaraq bu dinamikanı qoruyuruq. Qəbul edilən qərarların icrası nəzarətdə saxlanılır və onlar formal xarakter daşımır. Səhiyyə və təhsil sahələrində əməkdaşlıq humanitar əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq”.











