AzMİU beynəlxalq elm mərkəzinə çevrilir: 20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları Bakıda bir araya gəldi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AzMİU beynəlxalq elm mərkəzinə çevrilir: 20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları Bakıda bir araya gəldi - FOTO

First News Media15:40 - Bu gün
AzMİU beynəlxalq elm mərkəzinə çevrilir: 20-dən çox ölkənin nüfuzlu riyaziyyatçıları Bakıda bir araya gəldi - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu günlərdə beynəlxalq elmi müzakirələrin əsas ünvanlarından birinə çevrilib.

İyunun 23-də universitetdə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Riyaziyyat, mexanika və onların tətbiqlərinin müasir problemləri” (MPMMA 2026) II Beynəlxalq Konfransına start verilib.

23–25 iyun tarixlərini əhatə edən beynəlxalq tədbir AzMİU, Gürcüstan Universiteti, Türkiyənin Yıldız Texniki Universiteti və Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Konfrans dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları və elm təşkilatlarının nümayəndələrini Bakıda bir araya gətirib. Bu il tədbirə 22 ölkədən təqdim olunan 178 elmi məruzə qəbul olunub. Məruzələrin 82-si xarici həmmüəlliflərlə hazırlanıb ki, bu da konfransın beynəlxalq əməkdaşlıq platforması kimi nüfuzunu təsdiqləyir.

Konfransın fəxri sədri AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, sədri isə universitetin elm və innovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanovadır. Elmi komitənin həmsədrləri dünya şöhrətli alim, AzMİU rektorunun müşaviri professor Məsud Əfəndiyev və Gürcüstan Universitetinin professoru Roland Duduçavadır.

Açılış mərasimində AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov, Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun direktor əvəzi professor Elxan Səbziyev, professor Məsud Əfəndiyev və digər qonaqlar çıxış edərək beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətindən danışıblar.

Daha sonra təşkil olunan plenar iclasda Almaniyanın Helmholts Mərkəzinin professoru Məsud Əfəndiyev, Serbiyanın Niş Universitetinin professoru Lyubişa Koçinats, AzMİU-nun professoru Kamil Aydazadə və akademik Bilal Bilalov aktual elmi problemlərə həsr olunmuş məruzələrlə çıxış ediblər.

Nigar Aslanova

Nigar Aslanova: “AzMİU beynəlxalq elmi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur”

Konfrans çərçivəsində 1news.az-a açıqlama verən AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanova bildirib ki, tədbir universitetin beynəlxalq elmi əlaqələrinin genişlənməsinin bariz nümunəsidir:

“Bu gün AzMİU-da dünyanın müxtəlif ölkələrindən gəlmiş alimləri qəbul etməkdən böyük məmnunluq duyuruq. MPMMA 2026 artıq regionun, hətta deyərdim ki, qlobal elm arenasının nüfuzlu elmi platformalarından birinə çevrilib. Burada elmi nəticələrin təqdimatı ilə yanaşı, gələcək birgə tədqiqatlar, beynəlxalq layihələr və akademik əməkdaşlıqlar üçün yeni imkanlar yaranır. Məqsədimiz AzMİU-nu qlobal elmi şəbəkənin daha fəal iştirakçısına çevirməkdir”.

Professor qeyd edib ki, konfransın proqramında süni intellekt, rəqəmsal texnologiyalar, kiberdayanıqlılıq, optimallaşdırma, biomatematika və müasir mühəndislik həlləri kimi strateji istiqamətlərə xüsusi diqqət ayrılıb.

Roland Duduçava

Roland Duduçava: “AzMİU riyaziyyat elminin inkişafında mühüm rol oynayır”

1news.az-a danışan Gürcüstan Universitetinin professoru, konfransın elmi komitəsinin həmsədri Roland Duduçava tədbirin təşkilindən yüksək məmnunluğunu ifadə edib:

“Bu konfransa artıq bütün dünya riyaziyyatçılarının marağı yaranıb. Burada müxtəlif ölkələrdən olan alimlər bir araya gələrək elmin aktual problemlərini müzakirə edirlər. Azərbaycan alimlərinin təqdim etdiyi tədqiqatlar da böyük maraq doğurur. Mən hesab edirəm ki, Azərbaycanda riyaziyyat elmi yüksək səviyyədə inkişaf edir və AzMİU bu prosesdə mühüm rol oynayır”.

Professorun sözlərinə görə, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi müasir dövrdə elmin inkişafının əsas şərtlərindən biridir.

Men Va Vonq

Men Va Vonq: “Bu konfrans qlobal elmi dialoq üçün əhəmiyyətli platformadır”

Kanadanın York Universitetinin professoru Men Va Vonq da 1news.az-a açıqlamasında konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirib:

“Bu tədbirin ən mühüm xüsusiyyəti müxtəlif elmi məktəbləri və tədqiqat istiqamətlərini bir araya gətirməsidir. Burada həm fundamental riyaziyyat, həm də tətbiqi elmlər üzrə çox maraqlı məruzələr təqdim olunur. Bu cür platformalar yeni ideyaların yaranmasına və beynəlxalq əməkdaşlığın inkişafına ciddi töhfə verir”.

Kanadalı alim qeyd edib ki, süni intellekt, məlumatların analizi və riyazi modelləşdirmə sahələrində aparılan tədqiqatlar gələcək texnoloji inkişafın əsas istiqamətlərindən biri olacaq.

Süni intellektdən “ağıllı binalar”a qədər

Konfrans çərçivəsində keçirilən bölmə iclaslarında ABŞ, Almaniya, Kanada, İtaliya, Avstriya, Polşa, İsrail, Yaponiya, Türkiyə, Serbiya, Hindistan, Özbəkistan, İraq, Malayziya, Qətər, Çexiya, Gürcüstan və digər ölkələrin alimləri öz tədqiqat nəticələrini təqdim edirlər.

Sessiyalarda diferensial tənliklər, funksional analiz, optimallaşdırma problemləri, biomatematika, süni intellekt və maşın öyrənməsi, rəqəmsal texnologiyalar, kiberdayanıqlılıq, struktur mexanikası, kompozit materiallar, enerji səmərəliliyi və nəqliyyat-logistika sistemləri üzrə müzakirələr aparılır.

Mühəndislik istiqamətində isə “ağıllı binalar”, rəqəmsal əkiz sistemləri, IoT əsaslı idarəetmə modelləri, kiberfiziki sistemlər və innovativ tikinti texnologiyaları xüsusi diqqət mərkəzindədir.

Konfransın növbəti günlərində Kanada, Gürcüstan, Hindistan, Türkiyə və ABŞ-ın aparıcı universitetlərinin alimlərinin çıxışları davam edəcək.

İyunun 25-də keçiriləcək bağlanış mərasimində konfransın yekunları müzakirə olunacaq, yeni elmi əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq.

MPMMA 2026 bir daha göstərir ki, AzMİU təkcə mühəndis və memar hazırlayan ali təhsil müəssisəsi deyil, həm də beynəlxalq elmi əməkdaşlığın formalaşdığı, yeni ideyaların və innovativ tədqiqatların müzakirə olunduğu mühüm elm mərkəzlərindən birinə çevrilməkdədir.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər