Almaniyada silahlı hücum: Ölənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Almaniyada silahlı hücum: Ölənlər var

Oksana Orucova16:16 - Bu gün
Almaniyada silahlı hücum: Ölənlər var

Almaniyanın Steyd şəhərində silahlı hücum baş verib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində azı 5 nəfər həyatını itirib, 1 nəfər isə saxlanılıb.

Bu barədə Lüneburq Polis İdarəsi X üzərindən məlumat yayıb. Bildirilib ki, hadisə ilə bağlı genişmiqyaslı əməliyyat başladılıb.

Polisin açıqlamasında hücum nəticəsində ölənlərin olduğu təsdiqlənsə də, hazırkı vəziyyətdə ictimai təhlükəsizlik üçün davam edən hər hansı riskin olmadığı qeyd edilib. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırmalarını davam etdirir. Ölənlərin dəqiq sayı, şəxsiyyəti və hadisənin motivi barədə hələlik rəsmi məlumat verilməyib.

Almaniya mətbuatının məlumatına görə, silahlı insident şəhər mərkəzində yerləşən yaşayış evlərindən birində baş verib. Atəş səslərindən sonra əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

T-Onlayn nəşri ilkin məlumata əsasən, hadisədə 5 nəfərin öldüyünü iddia edib. Bild qəzeti də hücum nəticəsində bir neçə nəfərin həyatını itirdiyini yazsa da, bu məlumatlar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Hadisənin səbəbi və ölənlərin dəqiq sayı ilə bağlı əlavə məlumatın istintaqın gedişində açıqlanacağı gözlənilir.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər