Bakıda 10 avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 10 avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

First News Media11:43 - Bu gün
Bakıda 10 avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

Paytaxtın bəzi küçələrində aparılan təmir işləri ilə əlaqədar 10 müntəzəm avtobus marşrutunun hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Xan Şuşinski küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Vaqif prospekti ilə kəsişməsinədək olan hissəsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bununla əlaqədar iyulun 4-dək 3, 4, 17, 20, 85 və 88 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti Abbasqulu ağa Bakıxanov və Ceyhun Hacıbəyli küçələri ilə təşkil edilib.

Məlumata görə, 3–5 iyul tarixlərində isə Hüseyn Cavid prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Lev Landau küçəsi ilə kəsişməsinədək olan hissəsində də təmir işləri aparılacaq.

Bu səbəbdən 3, 6, 10, 17, 18 və 96 nömrəli avtobus marşrutlarının hərəkəti müvəqqəti olaraq Şəfayət Mehdiyev küçəsi və İnşaatçılar prospekti istiqamətində təşkil ediləcək.

AYNA sərnişinlərə səfərlərini planlaşdırarkən qeyd olunan dəyişiklikləri nəzərə almağı tövsiyə edib.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər