Ursula Fon der Lyayenin Bakı səfəri: Azərbaycan-Aİ münasibətlərdə yeni mərhələ - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

Ursula Fon der Lyayenin Bakı səfəri: Azərbaycan-Aİ münasibətlərdə yeni mərhələ - ŞƏRH

Qafar Ağayev15:03 - Bu gün
Ursula Fon der Lyayenin Bakı səfəri: Azərbaycan-Aİ münasibətlərdə yeni mərhələ - ŞƏRH

Ötən gün Bakı Cənubi Qafqazın gələcəyinə təsir göstərə biləcək növbəti mühüm diplomatik görüşə ev sahibliyi etdi.

İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə Azərbaycan-Aİ münasibətlərinin perspektivləri, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional əməkdaşlıq və sülh prosesi ətrafında geniş müzakirələr aparıldı.

Səfər zamanı səsləndirilən mesajlar və əldə olunan razılaşmalar Bakı-Brüssel münasibətlərinin gələcək inkişafı, eləcə də Cənubi Qafqazda geosiyasi proseslərin perspektivləri ilə bağlı yeni müzakirələrə səbəb olub.

Bəs Ursula Fon der Lyayenin Azərbaycana səfərinin siyasi əhəmiyyəti nədən ibarətdir? Bu səfər Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı hesab oluna bilərmi? Son aylarda Aİ rəsmilərinin Azərbaycana artan marağının arxasında hansı geosiyasi amillər dayanır? Avropa Komissiyası Prezidentinin Azərbaycanı "strateji tərəfdaş" adlandırması hansı siyasi və iqtisadi mesajları ehtiva edir?

Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstək məqsədilə elan olunan 20 milyon avroluq yardım paketi regionda sabitliyin möhkəmlənməsinə real töhfə verə bilərmi?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva deyib ki, qlobal geosiyasi reallıqların sürətlə dəyişdiyi bir dövrdə Avropa İttifaqı enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsi siyasətini sistemli  şəkildə davam etdirir.

Yeganə Hacıyeva

“Bu strategiyada Azərbaycanın rolu ildən-ilə daha da artır və əhər bir neçə il əvvəl əməkdaşlığın əsas istiqaməti təbii qaz ixracı idisə, bu gün tərəfdaşlıq daha geniş və uzunmüddətli strateji məzmun alıb.

Azərbaycan Avropa İttifaqının yalnız etibarlı enerji təchizatçısı deyil, həm də qitənin yeni enerji və iqtisadi təhlükəsizlik sisteminin formalaşmasında əsas strateji tərəfdaşlardan biri hesab olunur.

Avropa İttifaqı - Azərbaycan əməkdaşlıqı artıq enerji sektorunun hüdudlarını aşaraq bərpa olunan enerji, yaşıl elektrik enerjisi , gələcəyin enerji mənbəyi hesab olunan yaşıl hidrogen ixracı layihələrini əhatə edir.

Rəqəmsal infrastrukturun inkişafı və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya layihələri və diğər strateji məqsədləri də əhatə edir”.

Y.Hacıyeva deyib ki, son illər Avropa ilə Mərkəzi Asiya və Çin arasında alternativ ticarət marşrutu kimi formalaşan Aralıq Koridoru  mövcud geosiyasi şəraitdə getdikcə daha böyük strateji əhəmiyyət qazanır.

“Azərbaycanın əlverişli coğrafi mövqeyi, son 10-15 ildə ölkədə formalaşdırdığı müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və logistika sahəsinə qoyduğu diğər böyük investisiyalar ölkəmizi  bu marşrutun əsas həlqəsinə çevirdi.

Bu gün Azərbaycan artıq Avrasiyanın ən mühüm tranzit və logistika qovşaqlarından birinə çevrilməkdədir.

Qeyd edim ki, bu təkcə tranzit gəlirlərinin artması deyil, həm də xarici investisiyaların genişlənməsi, beynəlxalq ticarətin inkişafı və Azərbaycanın qlobal təchizat zəncirlərində mövqeyinin daha da güclənməsi deməkdir”.

O əlavə edib ki, 44-günlük Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmədi.

“Bu tarixi Zəfər eyni zamanda Cənubi Qafqazın geosiyasi və geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdı, regionu beynəlxalq enerji, nəqliyyat və ticarət marşrutlarının kəsişdiyi strateji məkan kimi imkanlarını artırdı.

Bunu Zəfərimizin  Cənubi Qafqaza gətirdiyi  iqtisadi əhəmiyyəti alandıraq, çünki dayanıqlı sülhün təmin olunması yeni nəqliyyat kommunikasiyalarının açılmasına, regional ticarətin genişlənməsinə, iri infrastruktur layihələrinin həyata keçirilməsinə və milyardlarla investisiyaların cəlb edilməsinə geniş imkanlar yaratdı.

Regionun investisiya cəlbediciliyi artdı, beynəlxalq iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yarandı və Cənubi Qafqaz qlobal enerji, logistika və ticarət marşrutlarının strateji mərkəzlərindən biri kimi dünya siyasi-iqtisadi gündəmində daha mühüm yer tutmağa başladı.

Nəticədə  bu gün Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafını özünün uzunmüddətli iqtisadi və geosiyasi strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir”.

Politoloqun sözlərinə görə, Azərbaycan Avropa üçün eyni zamanda enerji təhlükəsizliyinin təmin edilməsində, alternativ nəqliyyat marşrutlarının inkişafında, rəqəmsal əlaqəliliyin gücləndirilməsində, yaşıl iqtisadiyyatın təşviqində əsas tərəfdaşlarından biri, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində isə əsas tərəfdaşıdır.

“Səfərin iqtisadi əhəmiyyətindən kənarda siyasi əhəmiyyətinə  də xüsusi diqqət çəkmək istəyirəm” – deyə Y.Hacıyeva vurğulayıb:

“Avropa Komissiyası sədrinin Bakıya səfəri Avropa İttifaqının strateji əhəmiyyətə malik Cənubi Qafqaz regionunda uzunmüddətli iştirakı və mövqeyini daha da gücləndirmək niyyətinin aydın göstəricisidir.

Bu isə həm də Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.

Artıq söhbət yalnız enerji əməkdaşlığından deyil, genişmiqyaslı strateji tərəfdaşlıqdan gedir”.

Paylaş:
150

Son xəbərlər

Bütün xəbərlər