Rəqəmsal suverenlik və gələcəyin arxitekturası: Bakı regionun ən genişmiqyaslı innovasiya islahatını həyata keçirir | 1news.az | Xəbərlər
Mövqe

Rəqəmsal suverenlik və gələcəyin arxitekturası: Bakı regionun ən genişmiqyaslı innovasiya islahatını həyata keçirir

First News Media09:36 - Bu gün
Rəqəmsal suverenlik və gələcəyin arxitekturası: Bakı regionun ən genişmiqyaslı innovasiya islahatını həyata keçirir

Rəqəmsal transformasiya artıq çoxdan dövlət nüfuzu məsələsi və ya xidmət sahəsinin sadəcə tətbiqi modernləşdirilməsi çərçivəsindən çıxıb.

Müasir dövrdə rəqəmsallaşmanın dərinliyi və süni intellekt texnologiyalarını tətbiq etmək bacarığı birbaşa ölkənin milli təhlükəsizlik səviyyəsini və iqtisadi suverenliyini müəyyən edən əsas amillərdən biridir.

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası Azərbaycanın rəqəmsal inkişaf strategiyasında mühüm mərhələni rəsmiləşdirdi. Bu mərhələ ölkənin ayrı-ayrı sahələrin avtomatlaşdırılmasından dövlət idarəçiliyi və hüquqi ekosistemin hərtərəfli, fundamental şəkildə yenidən qurulmasına keçidini ifadə edir.

Azərbaycanda təqdim olunan "2026–2028-ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı" və onun çərçivəsində həyata keçirilən islahatlar artıq ekspertlər tərəfindən postsovet məkanında rəqəmsal mühitin tənzimlənməsi sahəsində ən genişmiqyaslı və konseptual təşəbbüs kimi qiymətləndirilir. Bakı sistemli yanaşmaya üstünlük verir. Bu yanaşma çərçivəsində texnologiyalar, qanunvericilik və insan kapitalı vahid üçillik inkişaf yol xəritəsində birləşdirilib.

Süni intellekt və kibertəhlükəsizlik – milli maraqların etibarlı təminatı

İclası açan Birinci vitse-prezident Mehriban Əliyeva iştirakçılara müraciət edərək dövlətin yeni inkişaf strategiyasının əsas istiqamətlərini aydın şəkildə ifadə edib.

"Qarşıdakı üç ili əhatə edən, rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafını təmin edəcək konkret Yol Xəritəsi müəyyən edilib. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid yanaşmanın formalaşdırılması, qəbul edilən qərarların vaxtında və səmərəli icrasının təmin olunmasıdır.

Məqsədimiz təkcə yeni texnologiyaların tətbiqi deyil, həm də ölkə iqtisadiyyatının inkişafına güclü təkan vermək, müasir innovasiya ekosistemi formalaşdırmaq, yerli və xarici investisiyaları cəlb etmək, yerli startapları dəstəkləmək və dövlət idarəçiliyinin daha səmərəli sistemini yaratmaqdır.

Süni intellekt artıq gələcəyin deyil, bugünkü inkişafın əsas amillərindən biridir. Eyni zamanda, süni intellekt dövlətlərin təhlükəsizliyinin təmin olunmasında getdikcə daha mühüm rol oynayır və artıq bu sahədə mərkəzi mövqeyə sahibdir. Heç kimə sirr deyil ki, dünyanın aparıcı ölkələrində süni intellekt texnologiyalarının inkişafı gözləniləndən daha sürətlə gedir. Bu isə öz növbəsində həm yeni imkanlar, həm də yeni risklər yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yaranan risklərə hazır olmalıyıq", – deyə Birinci vitse-prezident bildirib.

Dövlətin inkişaf konsepsiyasında xüsusi diqqət beynəlxalq təcrübə ilə milli prioritetlərin uzlaşdırılmasına yönəldilir. Mehriban Əliyeva vurğulayıb ki, Bakının sürətli texnoloji inkişafı yalnız Azərbaycanın milli maraqlarına əsaslanmalıdır.

"Qarşıda duran vəzifələrin yerinə yetirilməsi bütün dövlət qurumlarının birgə, fəal və səmərəli fəaliyyətini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Bunun üçün beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən faydalanmalıyıq. Lakin bütün qərarlar Azərbaycanın milli maraqları və ehtiyacları nəzərə alınmaqla qəbul edilməlidir", – deyə o qeyd edib.

Texnoloji infrastruktur: Milli Məlumat Fondu və myGov platformasının yeni inkişaf mərhələsi

 

Həyata keçirilən strategiyanın konkret istiqamətləri barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ətraflı məlumat verərək texnoloji transformasiyanın əsas elementlərini təqdim edib.

Nazirin sözlərinə görə, Azərbaycanın yeni rəqəmsal reallığının əsas infrastrukturunu Milli Məlumat Fondunun yaradılması, dövlət informasiya sistemlərinin mərhələli şəkildə hökumət buluduna köçürülməsi və bunun üçün yeni məlumat emalı mərkəzinin (Data Center) inşası təşkil edir.

Eyni zamanda, vətəndaşların rəqəmsal dövlət xidmətlərinə etimadı da sürətlə artır. Ölkənin əsas dövlət rəqəmsal platforması olan myGov-un istifadəçi sayı son üç ay ərzində 2,7 milyondan 3,5 milyona yüksəlib.

Platformaya süni intellekt texnologiyalarına əsaslanan yeni həllər, o cümlədən vətəndaşlara xidmət göstərəcək tam funksional virtual köməkçi inteqrasiya edilir. İlin sonunadək daha yeddi dövlət tətbiqinin xidmətləri vətəndaşların istifadəsinə veriləcək ki, bu da vətəndaşlarla dövlət arasında qarşılıqlı əlaqəni tam rəqəmsal və fasiləsiz prosesə çevirəcək.

Bu genişmiqyaslı rəqəmsal infrastrukturun təhlükəsizliyinin təmin olunması məqsədilə ölkədə kompleks kibertəhlükəsizlik sistemi formalaşdırılır. Hazırda Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiberinsidentlərə Cavab Mərkəzi və Rəqəmsal Tədqiqatlar Mərkəzinin yaradılması istiqamətində fəal iş aparılır. Bu təşəbbüslərin yekununda dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platforması yaradılacaq.

Qanunvericilikdə yeni mərhələ: istedadlar üçün cəlbedici hüquqi mühit

İstənilən texnoloji yenilik köhnəlmiş hüquqi çərçivə ilə məhdudlaşdıqda inkişaf potensialını itirir. Rəqəmsal inkişaf sahəsində çevik normativ-hüquqi bazanın formalaşdırılmasını nəzərdə tutan genişmiqyaslı qanunvericilik islahatları barədə çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, rəqəmsal transformasiya dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi ardıcıl şəkildə həyata keçirilir.

O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Şuranın müəyyən etdiyi strateji prioritetlər və tapşırıqlar əsasında rəqəmsal inkişaf sahəsində müasir qanunvericilik bazasının formalaşdırılmasına yönəlmiş kompleks islahatlar hazırlanır.

Prezidentin köməkçisi vurğulayıb ki, bu təşəbbüs postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi sahəsində həyata keçirilən ən genişmiqyaslı və fundamental islahat paketidir.

Dünyanın qabaqcıl təcrübəsinə əsaslanan yeni islahatlar hüquqi müəyyənliyin təmin olunmasını, rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılmasını, innovasiyaların maliyyələşdirilməsini, elmi tədqiqatların təşviqini, istedadların cəlb edilməsini, bazara çıxış imkanlarının genişləndirilməsini və kibertəhlükəsizlik sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsini əhatə edəcək.

Bu istiqamətdə mühüm addımlardan biri də ölkənin texnoloji suverenliyini gücləndirən sahələrdə fəaliyyət göstərən şirkətləri bir araya gətirməyi hədəfləyən Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılması olub.

İnsan kapitalı: "Rəqəmsal məktəb"dən bilik iqtisadiyyatına doğru

Rəqəmsal inqilabın əsas faydalanıcısı və eyni zamanda başlıca hərəkətverici qüvvəsi insandır. Çünki ixtisaslı kadrlar hazırlanmadığı halda infrastruktur layihələrinə qoyulan investisiyalar öz mənasını itirir. Bu baxımdan elm və təhsil naziri Emin Əmrullayevin təqdim etdiyi təhsil islahatları ümumi dövlət strategiyası ilə tam uyğunlaşdırılıb.

Ölkə sənəd dövriyyəsinin sadə avtomatlaşdırılması mərhələsindən təhsil prosesinin tam rəqəmsallaşdırılmasına keçir.

“Rəqəmsal məktəb” layihəsi çərçivəsində respublikanın bütün təhsil müəssisələri vahid internet şəbəkəsinə qoşulur. Artıq öz effektivliyini təsdiqləmiş “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” proqramlarının genişləndirilməsi məktəb yaşlarından yeni nəsil mütəxəssislərin hazırlanmasına imkan yaradır.

“Növbəti mərhələdə tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur. Bu istiqamətdə insan kapitalının inkişafının təmin edilməsi də əsas prioritetlərdən biridir”, – deyə Emin Əmrullayev bildirib.

Məhz formalaşan bu yeni insan kapitalı orta müddətli perspektivdə Azərbaycanın innovasiya ekosisteminin dayanıqlığını və qlobal rəqabət qabiliyyətini təmin edəcək.

Strateji baxış: rəqəmsallaşmadan bilik iqtisadiyyatına doğru

Azərbaycanda həyata keçirilən bu proqram ayrı-ayrı rəqəmsal layihələrin məcmusu deyil, dövlətin idarəetmə modelinin, iqtisadi strukturunun və təhlükəsizlik yanaşmasının yenidən qurulmasına yönəlmiş vahid strategiyadır.

“2026–2028-ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı” ölkənin texnoloji inkişafını qısa müddətli modernləşmə deyil, uzunmüddətli milli inkişaf modeli kimi müəyyənləşdirir. Bu modeldə süni intellekt, kibertəhlükəsizlik, innovasiya, hüquqi islahatlar və insan kapitalı bir-birini tamamlayan elementlər kimi çıxış edir.

Nəticə etibarilə Azərbaycan rəqəmsallaşmanı sadəcə xidmətlərin elektronlaşdırılması kimi deyil, bilik iqtisadiyyatına keçidin əsas aləti kimi təqdim edir və regionda texnoloji liderlik iddiasını məhz bu strateji yanaşma üzərində qurur.

Rəqəmsal İnkişaf Şurasının ilk iclası göstərdi ki, Azərbaycan hazır texnoloji həllərin idxalçısı statusundan öz rəqəmsal ekosistemini formalaşdıran suveren dövlət modelinə keçid edir.

Üçillik Fəaliyyət Planının həyata keçirilməsi milli iqtisadiyyatın dərin şaxələndirilməsi üçün uzunmüddətli zəmin yaradır. Orta müddətli perspektivdə güclü hüquqi baza, süni intellekt infrastrukturu və yüksək ixtisaslı insan kapitalının vəhdəti ölkənin ənənəvi xammal sektorlarından asılılığını azaltmağa, yüksək texnologiyalar və rəqəmsal xidmətlər sahəsində güclü ixrac potensialı formalaşdırmağa imkan verəcək.

Başlanan genişmiqyaslı islahatların əsas məqsədi Azərbaycanı qlobal İT şirkətləri və innovativ biznes üçün yüksək rəqabətqabiliyyətli regional mərkəzə çevirməkdir. Həyata keçirilən islahatların sürəti və əhatə dairəsi göstərir ki, Bakı XXI əsrin texnoloji çağırışlarına çevik reaksiya verməyə qadir olan yeni dövlət idarəetmə modelini formalaşdırır və regionun rəqəmsal gündəliyinin müəyyənləşdirilməsində aparıcı rol oynamağı hədəfləyir.

Fərhad Hüseyn

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər