İnsan ölümü ilə nəticələnən yol qəzasında barışıq cinayət məsuliyyətini aradan qaldırırmı? - Vəkildən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

İnsan ölümü ilə nəticələnən yol qəzasında barışıq cinayət məsuliyyətini aradan qaldırırmı? - Vəkildən AÇIQLAMA

Oksana Orucova16:41 - Bu gün
İnsan ölümü ilə nəticələnən yol qəzasında barışıq cinayət məsuliyyətini aradan qaldırırmı? - Vəkildən AÇIQLAMA

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən və "Arzum 9999" ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyevanın 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsindən sonra qəzada həyatını itirən Amal Məlikovun bacısı  sosial media hesabında paylaşım edərək İlduzə Hacıyeva ilə hər hansı barışıqdan söhbət gedə bilməyəcəyini bildirib.

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Sabir Məmmədov bildirib ki, insan ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrində zərərçəkmiş tərəfin bağışlaması və ya barışması şəxsi cinayət məsuliyyətindən azad etmir.

Vəkilin sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxs zərərçəkmişlə barışdığı və vurulmuş zərəri aradan qaldırdığı halda cinayət məsuliyyətindən azad oluna bilər:

"Lakin bu qayda bütün cinayətlərə şamil edilmir. Cinayət Məcəlləsinin 73.2 və 73.3-cü maddələrinə əsasən, barışıq institutu yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda tətbiq edilir".

Sabir Məmmədov qeyd edib ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlər üzrə bu məsələ Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsi ilə xüsusi qaydada tənzimlənir.

"Həmin qeydə əsasən, zərərçəkmişlə barışıq yalnız Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan əməllər üzrə şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas yarada bilər", - deyə vəkil vurğulayıb.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsi nəticəsində insan ölümü baş verdiyi hallarda (Cinayət Məcəlləsinin 263.2 və ya 263.3-cü maddələri) zərərçəkmiş şəxslərin, o cümlədən həlak olmuş şəxsin hüquqi varislərinin bağışlaması və ya barışığı şəxsin cinayət məsuliyyətindən azad olunmasına hüquqi əsas yaratmır.

Vəkil əlavə edib ki, belə hallarda vurulmuş zərərin könüllü ödənilməsi, zərərçəkmiş tərəflə barışıq və ya onların mövqeyi məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Bununla belə, bu, cinayət işinə xitam verilməsi və ya şəxsin avtomatik olaraq cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi anlamına gəlmir.

Mərhumun bacısının paylaşımını təqdim edirik:

Paylaş:
158

Son xəbərlər

Bütün xəbərlər