Fərhad Hacıyev: Bu il “Yüksəliş” müsabiqəsində rekord sayda müraciət qeydə alınıb
"Yarımfinal mərhələsinə gəlib çıxmağın özü böyük uğur və böyük qələbədir."
1news.az xəbər verir ki, bunu VI “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
O bildirib ki, builki yarımfinal mərhələsinə 17 651 müraciət arasından 331 nəfər vəsiqə qazanıb.
"Biz həmişə düşünürük ki, yarımfinalda 300 nəfər olsun. Amma hər il bu rəqəmi keçirik. Bu il də 331 nəfər yarımfinala yüksəlib. Bu isə iştirakçıların yüksək potensialından xəbər verir".
Onun sözlərinə görə, sualların və tapşırıqların mürəkkəblik səviyyəsi hər il artırılır, keçid balı yüksəldilir, lakin buna baxmayaraq yüksək nəticə göstərən iştirakçıların sayı azalmır.
"Bu il doğrudan da çox peşəkar və savadlı yarımfinalçılarımız var."Yüksəliş" müsabiqəsi artıq altıncı dəfə keçirilir və layihəyə maraq ildən-ilə artır. Bu il 17 mindən çox müraciət qeydə alınıb. Bu, bizim üçün rekord göstəricidir. Hər il təxminən min nəfər daha çox müraciət edir. Bu isə müsabiqəyə olan inamın və etimadın artdığını göstərir", – deyə o əlavə edib.
Nazir müavini bildirib ki, ümumi qabiliyyət imtahanında 8 551 nəfər, analitik təhlil mərhələsində isə 1 468 nəfər iştirak edib.
"İmtahanların təşkili asan deyildi. Bir məktəbdə texniki problem yarandı və həmin iştirakçılar üçün yenidən imtahan təşkil olundu. Amma bütün bunlara baxmayaraq, prosesi uğurla başa vurduq", – deyə F.Hacıyev bildirib.












