Söhbət etdiyi adamın gizlicə şəklini çəkən dahi: Əzim Əzimzadənin pencəyinin cibindəki sirr - REPORTAJ
Bu ev təsadüfi bir ünvan deyil.
Azərbaycanda açılan ilk rəssamlıq muzeyi, Bakıda isə ilk ev muzeyidir.
İradə Əzimzadə həm muzeyin direktoru, həm də Əzim Əzimzadə şəcərəsinin nümayəndəsi kimi elə həvəslə danışır ki, bu eksponatların ardındakı köhnə Bakının ruhunu və tarixin izlərini hiss etməmək qeyri-mümkündür.
Girişdə ziyarətçiləri rəssamın Ömər Eldarov tərəfindən hazırlanmış büstü qarşılayır. Qapının önündə isə heykəltəraş Xanlar Əhmədovun hazırladığı barelyef dayanır. Elə ilk addımdaca anlayırsan ki, burada hər detalın bir hekayəsi var.
İnnabı rəng və bir rəssamın imzası
İradə xanımın dediyi ilk maraqlı məqam bu oldu:
“Əzim Əzimzadə dünya rəssamlarına sübut etmişdi ki, innabı rəng Azərbaycan xalqına məxsusdur”.
Əzimzadənin qeyri-adi xüsusiyyətləri haqqında danışanda isə insan heyrətlənməyə bilmir. O, şəkil çəkərkən əlini vərəqdən götürməzmiş. Bir nöqtə qoyar, bütün əsəri həmin nöqtənin ətrafında tamamlayarmış.
Bununla da bitmir. Rəssamın böyük cibləri olan pencəyi var imiş. Kiminləsə söhbət edərkən əlini pencəyinin cibinə salıb gizlicə onun rəsmini çəkərmiş. Söhbət bitəndə isə həmin rəsmi qarşısındakı adama təqdim edərmiş. Bu da onu göstərir ki, rəssam sadəcə istedada yox, həm də fitri hissiyyata sahib olub.
İstedadı ilə məktəb yaradan sənətkar
Əzim Əzimzadə cəmi 4 sinif rus-tatar məktəbi bitirmişdi. Ali təhsili yox idi. Amma buna baxmayaraq, Azərbaycanda rəssamlıq məktəbi yaradan məhz o oldu.
Muzeydə onun şəxsi əşyaları qorunur: fil sümüyündən hazırlanmış zərləri olan xüsusi nərd taxtası, sifarişlə düzəltdirdiyi masa, təbii qaşlı qızıl üzüyü, “SSRİ” yazılmış ordeni və s.
Digər otaqda isə kitablar diqqət çəkir. Əzimzadə ərəb dilini “Quran” oxumaq üçün, İtalyan, fransız və alman dillərini isə Avropa rəssamlığını mənimsəmək üçün öyrənib. Əzimzadə təhsilsiz olmasına baxmayaraq, bir insanın özünü necə yetişdirdiyini göstərən ən gözəl nümunələrdən biridir.
“Molla Nəsrəddin”i və “Hop-hopnamə”ni şəkillərlə oxudan rəssam
1914-cü ildə Əzim Əzimzadə “Hop-hopnamə” üçün illüstrasiyalar çəkərdi.
O dövrdə insanların bir çoxu oxuya bilmirdi. Amma şəkillərə baxaraq həm Mirzə Ələkbər Sabirin, həm də Cəlil Məmmədquluzadənin nə demək istədiyini anlayırdılar.
Əzimzadənin karikaturaları dinə qarşı deyildi. O, dinin adından istifadə edib insanları aldadanlara, rüşvətxorluğa, haqsızlığa qarşı çıxırdı. Muzeydə bu mövzuda onlarla əsər var. Rəsmlərin sayı çox olduğu üçün onların hamısını eyni vaxtda nümayiş etdirmək mümkün deyil, ekspozisiya hər üç aydan bir yenilənir.
O süfrənin arxasında kimlər əyləşməyib…
Muzeyin ən təsirli yerlərindən biri də qonaq otağıdır.
İradə xanımın sözlərinə görə, vaxtilə Cəfər Cabbarlı, Səməd Vurğun, Hacıağa Abbasov, Sidqi Ruhulla, Cəlil Məmmədquluzadə və Bülbül kimi ziyalıların arxasında əyləşərək sənətdən söhbətlər etdiyi bu mərmər masa indi muzeyin ən dəyərli eskponatlarından biridir. Masa və oturacaqlar bir dəstin parçalarıdır. Almaniya istehsalı olan bu mebellərin hər biri sədəf detallarla işlənib. Dəstdəki divan güzgü və yan şkaflara bitişik olduğu üçün ayrıca deyil, bütöv bir mebel kompozisiyasının hissəsi kimi görünür. Otağa baxdıqda hiss olunur ki, burada hər detal həm zövqün, həm də dövrün ruhunun təcəssümüdür.
Daha bir maraqlı detal isə pianinodur. Əzimzadənin övladlarına bu pianinoda dərs deyən şəxs Üzeyir Hacıbəyli olub.
Muzeyin rəhbəri gülümsəyərək deyir:
“Görün nə qədər bəxtəvər insanlar olublar ki, dünyaşöhrətli Üzeyir bəy onların musiqi müəllimi olub”.
Əzimzadə təkcə karikatura ustası deyildi. O, teatr və opera üçün səhnə dekorasiyaları, geyim eskizləri hazırlayırdı. “Sevil”, “Almaz”, “Oqtay Eloğlu” və “Nərgiz” əsərləri hazırladığı eskizlər onun sənətinin Azərbaycan teatr tarixində də silinməzlər izlər qoyduğunu göstərir.
Qonorarı poçtdan alan “Qraf”
Evin ən yaddaqalan sakinlərindən biri də Əzimzadənin “Qraf” adlı iti olub.
Əzimzadə qonorar almağa gedəndə itini də özü ilə apararmış. Sonralar rəssam yatağa düşəndə isə Qraf poçta tək gedib onun qonorarını gətirirmiş.
Bazarda tapılan prototiplər
Bir gün məktəbdə işlədiyi vaxt müavinini götürüb “Pasaj” bazarına gedir. Bir neçə gün dalbadal bazarı gəzirlər. Müavin utanmağa başlayır - hamı məşhur rəssamı tanıyır, amma o heç nə almır.
Nəhayət, Əzimzadə otağındakı yeşiyi açıb deyir:
“Sən heç nə almamısan. Amma mən bazardan bu qədər əsər toplamışam”.
Müavin baxır ki, bazarda gördükləri alma satan, qoz satan adamların hamısının rəsmini çəkib.
Əzimzadə bazardan əslində insan simaları toplayırmış.
Müharibə və telefon
1941-ci ildə müharibə başlayanda Əzimzadənin üç oğlu cəbhəyə gedir.
Həmin dövrdə rəssam Mircəfər Bağırova zəng edib deyir:
“Üç oğlumun müharibəyə getməsi ilə fəxr edirəm. Amma Mikayıl Abdullayev Azərbaycanın gələcək böyük rəssamıdır. Onu qorumaq lazımdır”.
Bağırov bu xahişi qəbul edir və Mikayıl Abdullayev arxa cəbhədə saxlanılır. Amma iki il sonra rəssamın kiçik oğlu Lətifin ölüm xəbəri gəlir.
İradə xanımın sözlərinə görə, Əzimzadə həmin gün qələmini sındırır və bir daha rəsm çəkmir. Son arzusu isə belə olur:
“Oğlanlarımdan birinin çiynində son mənzilə getmək istəyirəm”.
Bağırovun göstərişi ilə digər oğlu Həbib cəbhədən Bakıya çağırılır. Lakin Həbib evin qapısından içəri girəndə qara geyimli qadınların çıxdığını görür. “Gecikdim?” - deyə soruşur. “Bəli, Əzimzadə artıq xalqın çiynində getdi” cavabını alır.
Pencəklə Moskvaya gedən rəssam
1927-ci ildə yaradıcılığının 20 illiyi münasibətilə Əzimzadənin Moskvada sərgisi təşkil olunur. Düz 1200 əsəri nümayiş etdirilməli idi. Sərginin elanı adi kağızda yox, atlas parça üzərində hazırlanmışdı. O dövrdə bu, sənətkara göstərilən böyük ehtiram sayılırdı.
Əzimzadə bütün əsərlərinə balaları kimi baxırdı. Görür ki, sərgiyə aparacağı rəsmlərindən biri yoxdur. Qonşuluqda yaşayan tələbəsinə deyir ki, məktəbə get, mənim yeşiyimi aç, o əsəri götürüb gəl. Hava soyuq idi, qar yağırdı. Uşaq rəsmi götürüb gəlir, içəri girir. Əzimzadə görür ki, oğlanın əyin-başı su içindədir, ayaqqabısı da cırılıb. Deyir, niyə belə getdin? Mən sənə dedim, geyin get. Axı bayır soyuqdur, xəstələnərsən. Sən gələcəyin rəssamısan. Oğlan cavab verir: “Müəllim, yoxumdur. Nə var idi, onu geyindim”. Səhər Əzimzadə Moskvaya yola düşür. Həyat yoldaşı Səriyyə xanıma deyir ki, mənim paltomu, ayaqqabımı, şapkamı gətir. Səhər rəssam Moskvaya gedəndə öz paltosunu, ayaqqabısını və papağını həmin tələbəyə verir. Özü isə pencəklə yola düşür. Muzeydə onun Moskvada həmin pencəklə çəkilmiş fotosu da nümayiş olunur.
İçərişəhərin “qladiator” tamaşaları
Vaxtilə qədim Romada qladiator döyüşləri insanların ən böyük tamaşası sayıldığı kimi, köhnə Bakıda - İçərişəhərdə də çadırlar qurular, müxtəlif səhnəciklər və teatrabənzər tamaşalar göstərilərdi. İnsanlar həmin çadırların ətrafına toplaşar, böyük maraqla bu tamaşaları izləyərdi. Dövrün bu canlı mənzərəsi Əzim Əzimzadənin əsərlərində də öz əksini tapıb.
Bu evin istiliyi qalır
Muzeydə diqqət çəkən eksponatlardan biri də böyük maketdir. Burada İçərişəhər, Qız Qalası və Qoşa Qala qapıları xüsusi işıqlandırma ilə canlandırılıb. Əzimzadənin əsərlərində təsvir etdiyi insanlar da bu maketdə öz yerini alıb. Sanki köhnə Bakının ruhu həmin maketin içində yaşayır.
2011-ci ildə mənzil çökmə təhlükəsi ilə üzləşib. Altında altı quyu olduğu üçün ev yenidən tikilib, maket də bərpa edilib. Amma evin ruhu dəyişməyib.
Növbəti otaq isə muzeyin arxiv fondudur. Muzeyin arxiv otağında Əzim Əzimzadənin əsərləri və şəxsi sənədləri xüsusi siyirtmələrdə qorunur. Ekspozisiya müəyyən müddətdən sonra yeniləndiyi üçün zallarda nümayiş olunan əsərlərin bir qismi burada saxlanılan digər işlərlə əvəz olunur. Beləliklə, muzeyin fondu təkcə arxiv funksiyası daşımır, həm də ekspozisiyanın daim yenilənməsinə imkan yaradır.
Söhbətin sonunda İradə xanım bir cümlə deyir və bəlkə də bütün bu muzeyi ən yaxşı həmin cümlə izah edir:
“Ev-muzeyləri digər muzeylərdən ona görə fərqlənir ki, burada istilik və səmimiyyət var”.
Doğrudan da, Əzim Əzimzadənin evindən çıxarkən insan muzeydən yox, sanki kiminsə evindən ayrılırmış kimi hiss edir. Siz də Azərbaycan karikatura sənətinin banisi, Xalq artisti Əzim Əzimzadənin evinə və dünyasına qonaq olmaq istəyirsinizsə, vaxt itirməyin, mütləq yolunuzu bu evdən salın. Çünki hazırda Birinci Fəxri Xiyabanda uyusa belə, Əzim Əzimzadədən hələ də öyrənməli olduğumuz çox şey var.
Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.




























































