Rəhman Hacıyevdən “Yüksəliş” iştirakçılarına çağırış: Daim öyrənin, özünüzü inkişaf etdirin
“Yüksəliş” müsabiqəsinin iştirakçıları şəxsi keyfiyyətlərini təkmilləşdirməli və öz üzərdə daimi işləməlidir”
1news.az xəbər verir ki, bu fikirləri VI “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində çıxış edən Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev deyib.
“Öyrənməyi dayandırdığımız an hansısa kurslara və ya təlimlərə getdiyimiz an deyil, komfort zonasına daxil olub rahatlıq hissi keçirdiyimiz andır. Artıq hər şeyi bildiyini düşünmək, özünə qarşı obyektivliyin itirilməsi və ən böyük riskdir. Həyat rəqabətdir və bu gün burada gördüyümüz iştirakçı sayı bunun bir təsdiqidir. Gələcəkdə mübarizə daha kəskin və çətin olacaq, buna hazır olmalısınız. Bəzi layihələriniz iflasa uğraya, insanlar sizi məyus edə bilər, amma bütün bunlar sizi hədəfinizdən yayındırmamalıdır. Bütün çətinliklərə rəğmən, irəliləməkdə davam etməlisiniz. Karyera və inkişaf haqqında düşünmək təbiidir, lakin bundan daha vacib vəzifə yaxşı insan olmaqdır”.
O bildirib ki, bugünkü dünyada hökm sürən ədalətsizliklərə və müharibələrə baxmayaraq, hər kəs öz ətrafını daha yaxşı etməyə çalışmalıdır.
“Roma imperatoru Mark Avreli öz gündəliklərində hər kəsə səslənərək “sağ olduğun və gücün çatdığı müddətdə yaxşılıq et” deyirdi. Yaxşılığı məcbur olduğun üçün deyil, bacardığın üçün etməlisən. Bu prinsipə əsasən yaşasaq, vətənimiz daha gözəl və firavan məkana çevriləcək. Siz də mütləq şəkildə özünüzlə səmimi olmalısınız. Uğur qazanandan sonra hər şeyi bildiyini düşünmək bir tələdir. Artıq heç bir tənqidə və məsləhətə ehtiyacın olmadığını düşünmək ən ciddi problemlərin başlanğıcıdır. Hər axşam özünüzlə söhbət edərkən səmimi şəkildə bu gün istədiyinizə nail olub-olmadığınızı, düzgün rəftar edib-etmədiyinizi soruşmalısınız. Almaz brilyanta sadə yolla çevrilmir, o, uzun müddətli təzyiq və zəhmətdən sonra dünyanın ən gözəl daşlarından birinə çevrilir”.












