Anar Quliyev: İnsan kapitalı dövlətlərin rəqabət üstünlüyünü müəyyən edən əsas amildir
“İnsan kapitalı dövlətlərin rəqabət üstünlüyünü müəyyən edən əsas amildir.
1news.az xəbər verir ki, bu fikirləri VI “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
“Bu gün zalda toplaşan 331 yarımfinalçı Azərbaycanın müxtəlif regionlarını, peşə sahələrini və həyat təcrübələrini təmsil edir, iştirakçıları birləşdirən ortaq dəyər inkişaf etmək, öyrənmək və ölkəmizin gələcəyinə töhfə vermək arzusudur, məhz bu istək “Yüksəliş” müsabiqəsinin ən böyük dəyərini təşkil edir, müasir dünyada baş verən texnoloji tərəqqi və iqtisadi dəyişikliklər fonunda rəqabət üstünlüyü təbii resurslardan çox, insan kapitalı ilə ölçülür, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində də məhz insan potensialının inkişafı prioritet təşkil edir, təhsil, gənclərin potensialı və müasir idarəçilik institutlarının gücləndirilməsi ölkəmizin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir, 2019-cu ildə təsis edilmiş “Yüksəliş” müsabiqəsi də bu strateji baxışın mühüm təzahürüdür, müsabiqə istedadlı kadrların üzə çıxarılması və gələcək idarəçilik potensialının gücləndirilməsi məqsədinə xidmət edir”.
O, bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil, mədəniyyət və sosial inkişaf sahələrindəki təşəbbüsləri ölkəmizin insan potensialının güclənməsinə böyük töhfə verir.
“Hazırda dünya əhalisinin təxminən 55 faizi şəhərlərdə yaşayır və bu rəqəmin 2050-ci ilə qədər 70 faizə çatacağı proqnozlaşdırılır, bu urbanizasiya prosesi şəhərlərin planlaşdırılmasına və idarə olunmasına daha müasir, insan mərkəzli yanaşmaların tətbiqi zərurəti yaradır, qlobal çağırışlar fonunda 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan olunması xüsusi əhəmiyyət daşıyır, bu qərar ölkəmizdə dayanıqlı şəhər inkişafı və beynəlxalq əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmalarının tətbiqi, yaşıl enerji həlləri bu strategiyanın konkret nəticələridir, şəhərsalma gələcəyi düşünərək qərar vermək mədəniyyətidir, çünki bugünkü qərarlar onilliklər sonranın yaşayış tərzini müəyyən edir, bu səbəbdən şəhərsalma fəaliyyəti yüksək məsuliyyət, uzaqgörənlik və balanslı yanaşma tələb edir, idarəçiliyin mahiyyəti də məhz hər bir qərarın mərkəzində insanı saxlamaq və gələcəyə xidmət etməkdən ibarətdir”.












