Rusiya Kiyevə kütləvi hava hücumu edib: 9 nəfər ölüb, 46 nəfər yaralanıb - FOTO
Rusiya Silahlı Qüvvələri iyulun 6-na keçən gecə Ukraynanın paytaxtı Kiyevə raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hava hücumu həyata keçirib.
1news.az "Unian"a istinadən xəbər verir ki, hücum nəticəsində şəhərin müxtəlif rayonlarında yaşayış binaları və digər mülki obyektlərə ciddi ziyan dəyib.
Son məlumata görə, 9 nəfər həlak olub, 46 nəfər yaralanıb. Yaralananlar arasında 5 uşaq da var.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, dağıntılar altında insanların qaldığı ehtimal olunur. Bu səbəbdən ölənlərin sayının artacağı istisna edilmir. Hazırda hadisə yerlərində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Podol rayonunda yaşayış binasına zərbə endirilib. Binanın 9-cu mərtəbəsindən 5-ci mərtəbəsinədək hissəsi dağılıb. Eyni rayonda 19 mərtəbəli binanın damı qismən uçub, yaşayış binalarının həyətlərində avtomobillər yanıb, 25 mərtəbəli binanın 16-cı mərtəbəsinə dağıntı qalıqları düşüb.
Bundan başqa, 21 mərtəbəli yaşayış binasında 2-ci mərtəbədən 5-ci mərtəbəyədək çökmə baş verib. Darnitsa rayonunda iki yaşayış binasına dağıntı qalıqları düşüb. Onlardan birində mənzillərdə 150 kvadratmetr sahəni əhatə edən yanğın baş verib, digər ünvanda isə 30 mərtəbəli yaşayış binasının 23–25-ci mərtəbələrində yanğın qeydə alınıb.
Qoloseyev rayonunda isə ilkin məlumata görə, hücum nəticəsində qeyri-yaşayış binasında yanğın baş verib.
Qeyd edək ki, Rusiya iyulun 2-də də Kiyevə raket və pilotsuz uçuş aparatları ilə kütləvi hava hücumu həyata keçirmişdi. Həmin hücum nəticəsində 20-dən çox insan həlak olmuş, 100-ə yaxın şəxs yaralanmışdı.



















