“Sea Breeze”də baş verən faciə ilə bağlı bütün təhlükəsizlik tədbirləri yenidən yoxlanılacaq -Emin Ağalarov
Şəxsən öz adımdan və bütün “Sea Breeze” komandası adından ailəyə ən dərin və səmimi başsağlığı verirəm.
1news.az xəbər verir ki, bu barədə "Sea Breeze"-in rəhbəri Emin Ağalarov öz sosial media hesabında etdiyi paylaşımda bildirib.
O, paylaşımında qeyd edib ki:
“Şəxsən öz adımdan və bütün “Sea Breeze” komandası adından ailəyə ən dərin və səmimi başsağlığı verirəm. Belə bir məqamda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirə biləcək söz yoxdur.
Hazırda hadisənin bütün hallarını, o cümlədən uşağın hovuzun texniki zonasına – qoruyucu çəpərlərin arxasında su nasoslarının işlədiyi əraziyə necə düşdüyünün səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır. Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək göstəririk.
Uşaqların və böyüklərin təhlükəsizliyi hər zaman “Sea Breeze” üçün qeyd-şərtsiz prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri FHN və müvafiq qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır. Akvapark artıq üçüncü mövsümüdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.
Baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
“Sea Breeze” komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik".
Xatırladaq ki, ötən gün “Sea Breeze” ərazisində yerləşən hovuzda 4 yaşlı uşağın ayağı su nasosunda sıxılıb. FHN-in məlumatına görə, xilasedicilərin müdaxiləsinə və reanimasiya tədbirlərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.












