Əsgərlər dənizə tullanmağa cəhd göstərib: ABŞ-nin “Linkoln” təyyarədaşıyan gəmisində xaos yaşanır | 1news.az | Xəbərlər
Dünya

Əsgərlər dənizə tullanmağa cəhd göstərib: ABŞ-nin “Linkoln” təyyarədaşıyan gəmisində xaos yaşanır

Qafar Ağayev14:15 - Bu gün
Əsgərlər dənizə tullanmağa cəhd göstərib: ABŞ-nin “Linkoln” təyyarədaşıyan gəmisində xaos yaşanır

ABŞ-nin İranla müharibəsi çərçivəsində təxminən doqquz aydır dənizdə olan “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin heyətində ciddi problemlərin yaşandığı bildirilir.

1news.az xarici mediaya istinadən xəbər verir ki, gəmidə xidmət edən hərbçilərin psixi sağlamlığı ilə bağlı narahatlıqlar bir neçə dənizçinin dənizə tullanmağa cəhd göstərməsi barədə məlumatlardan sonra daha da artıb.

Məlumata görə, gəmidə təxminən 5 min hərbi dənizçi və dəniz piyadası xidmət edir. “USS Abraham Lincoln” sahilə ayaq basmadan ardıcıl təxminən 250 gün dənizdə qalaraq ABŞ-nin müasir dövrdəki təyyarədaşıyan gəmiləri arasında rekord müəyyən edib.

San-Dieqoda keçirilən son görüşlərdən birində təxminən 200 hərbçi ailəsinin nümayəndəsi gəmidəki vəziyyətlə bağlı Hərbi-Dəniz Qüvvələrinin rəhbərliyindən izahat tələb edib.

Hərbçilərdən birinin həyat yoldaşı bildirib ki, əri ona mesaj yazaraq növbəti günü görməyəcəyindən qorxduğunu deyib. “Navy Times” isə mövcud xidmət müddətində ən azı bir neçə dənizçinin dənizə tullanmağa cəhd etdiyini yazıb.

Əri gəmidə xidmət edən Annabelle Loma qeyd edib ki, dənizdə qalma müddətinin dəfələrlə uzadılmasından sonra həyat yoldaşı dənizə tullanmağa cəhd göstərib. Onun sözlərinə görə, hərbçi “utancverici tərxis” almaqdan və 13 illik karyerasının yorğunluq səbəbindən məhv olmasından qorxub.

Digər hadisədə isə bir hərbçinin həyat yoldaşı ərinin gəmidə xidmət yoldaşının dənizə tullanmasının qarşısını alaraq onu göyərtəyə geri qaytardığını bildirib.

Gəmidəki şəraitlə bağlı ciddi iddialar

ABŞ Konqresinin üzvləri də “USS Abraham Lincoln”dakı vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.

Kaliforniyadan olan demokrat konqresmen Mayk Levin gəmidə kif basmış duşlar, işləməyən tualetlər, həftələrlə istifadə edilə bilməyən çamaşırxana, uzun müddət isti suyun olmaması və əsas gigiyena vasitələrinin çatışmazlığı barədə məlumatları diqqətə çatdırıb.

Onun sözlərinə görə, hərbçilərə bəzi hallarda yalnız yarım stəkan düyü və iki lavaşdan ibarət yemək verilib.

Əfqanıstan və İraqda xidmət etmiş demokrat konqresmen Ceyson Krou isə “Linkoln” heyəti və onların ailələri üzərindəki təzyiqin həftədən-həftəyə artdığını bildirib.

Gəmi 2025-ci il noyabrın 21-də San-Dieqodan yola düşüb. İlkin plana əsasən, onun Cənubi Çin dənizi və Sakit okeanda xidmət göstərməsi nəzərdə tutulub. Lakin fevralın 28-də başlayan ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda gəminin marşrutu Yaxın Şərqə dəyişdirilib.

Missiyanın may ayında başa çatması planlaşdırılsa da, davam edən münaqişələr səbəbindən xidmət müddəti uzadılıb.

Məlumata görə, heyət bütün bu müddət ərzində cəmi iki dəfə – dekabrda Quamda və iyulda Omanda – sahilə çıxa bilib.

Gəmidəki şəraitlə bağlı narahatlıqlar ilin əvvəlində də gündəmə gəlib. Belə ki, keyfiyyətsiz və məhdud qida, su kəsintiləri, kif basmış duşlar və işləməyən paltaryuyan maşınlarla bağlı məlumatlar yayılıb. ABŞ-nin Müharibə naziri Pit Hegset daha əvvəl bu iddiaları təkzib edərək onları “saxta xəbərlər” adlandırıb.

ABŞ Hərbi-Dəniz Qüvvələri isə gəmidə intihar və ya intihara cəhd hallarının artması ilə bağlı qiymətləndirmələri təsdiqləməyib.

Senatorlar araşdırma tələb edir

Konqresdəki demokratlar “USS Abraham Lincoln”dakı vəziyyətlə bağlı araşdırma aparılmasını tələb ediblər.

Senator Riçard Blumental Müharibə naziri Pit Hegsetə ünvanladığı məktubda 250 gündən artıq xidmətdə olan gəmidəki şərait barədə Hərbi-Dəniz Qüvvələrinin hesabat verməsini istəyib.

O, əsas ləvazimatların çatışmazlığı, suyun çirklənməsi, kommunikasiya problemləri, hərbçilərin psixi sağlamlığının pisləşməsi və göyərtə təhlükəsizliyi ilə bağlı narahatlıqlara diqqət çəkib.

Senator Ruben Qalyeqo isə “USS Lincoln”da vəziyyəti araşdırmaq üçün partiyalararası Senat nümayəndə heyətinin gəmiyə rəsmi səfər etməsinə çağırıb.

Qalyeqo bildirib ki, hərbçilərin dənizə tullanmaqla bağlı təhdid etməsi vəziyyətin nə qədər ağır olduğunun narahatedici göstəricisidir. Senator kif basmış duşlar, isti suyun kəsilməsi, məhdudlaşdırılmış qida və sabun, işləməyən tualetlər, eləcə də istirahət günləri olmadan 12-16 saatlıq növbələr barədə məlumatlara diqqət çəkib.

Onun sözlərinə görə, gəmi heyətinin və ailələrinin üzləşdiyi vəziyyətlə bağlı yayılan məlumatlar ciddi araşdırma tələb edir.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər