Hərbi xidmətdən yayındırmaq üçün rüşvət almaqda ittiham olunan şəxsin işi məhkəməyə göndərildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəis müavini – Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Niyam Mədətsoylunun barəsində cinayət işi məhkəməyə göndərilib.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Niyam Mədətsoylunun 2022–2026-cı illərdə qeyd olunan vəzifədə işlədiyi dövrdə sağlamlıq vəziyyətinə görə əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə müxtəlif şəxslərdən ayrı-ayrı məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Niyam Mədətsoyluya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrarən, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri, habelə vəzifədən kənarlaşdırılma qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.












