“İki düzgün cavab var” – sertifikatlaşdırma imtahanındakı sual etiraza səbəb oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

“İki düzgün cavab var” – sertifikatlaşdırma imtahanındakı sual etiraza səbəb oldu

Ayşən Salehli11:27 - Bu gün
“İki düzgün cavab var” – sertifikatlaşdırma imtahanındakı sual etiraza səbəb oldu

Son vaxtlar imtahanlarda istifadə olunan bəzi test tapşırıqları ilə bağlı narazılıqların sayı artmaqdadır.

Həm müəllimlərin sertifikatlaşdırılması, həm də ali təhsil müəssisələrinə qəbul imtahanlarından sonra bəzi sualların məzmunu və qiymətləndirilməsi ictimai müzakirələrə səbəb olur. İştirakçılar hesab edirlər ki, ayrı-ayrı testlərdə bir neçə doğru cavab variantı mövcuddur və ya sualların tərtibində qeyri-müəyyənliklər var. Bu cür hallarda onlar müvafiq qurumlara müraciət edərək nəticələrin yenidən nəzərdən keçirilməsini tələb edirlər. Oxşar iddia bu dəfə musiqi fənni üzrə sertifikatlaşdırma imtahanı ilə bağlı səsləndirilib. Bir qrup müəllim 18 iyun 2026-cı il tarixində keçirilən imtahanın 11-ci test tapşırığında iki doğru cavabın olduğunu bildirir.

Mübahisəyə səbəb olan sual belədir:

“Eyni ad, müxtəlif məna” adlı yarışmada şagird hansı variantı seçsə, doğru olar?

A) Fanfar

B) Bariton

C) Akapella

D) Diskant

E) Oratoriya

Onların sözlərinə görə, cavab açarında yalnız “Fanfar” düzgün variant kimi göstərilsə də, “Bariton” cavabı da sualın şərtlərinə tam uyğundur. Müəllimlər hesab edirlər ki, bu səbəbdən həmin sual yenidən ekspertiza olunmalı, ya ləğv edilməli, ya da hər iki cavab doğru qəbul edilməlidir.

Məsələ ilə bağlı musiqi müəllimi Maral Əliyeva da 1news.az-a danışaraq etirazının səbəblərini izah edib.

O bildirib ki, məqsədi şəxsi nəticəsini yüksəltmək deyil, sualın düzgün qiymətləndirilməsinə nail olmaqdır. Onun sözlərinə görə, imtahandan yüksək nəticə toplasa da, mübahisəli sualın səhv olaraq qalmasını doğru hesab etmir.

“Nəticəm yüksəkdir - 50+. Sadəcə istəyirik ki, səhv sual elə də qalmasın və həmin sual üzrə bal bərpa olunsun. Bu sualda iki mənalı iki termin verilib. Nazirlik düzgün cavab kimi “Fanfar”ı qəbul edib, çünki məktəb dərsliklərində də bu şəkildə təqdim olunur. Amma “Bariton”da həm musiqi alətinin, həm də kişi səsinin adıdır. Yəni o da iki mənalı termindir. Hər iki variantın eyni sualda cavab kimi verilməsi həm müəllimləri çaşdırır, həm də metodiki baxımdan düzgün deyil”.

Müəllim qeyd edib ki, sertifikatlaşdırma imtahanı yalnız məktəb dərslikləri əsasında formalaşan bilikləri yox, müəllimlərin ümumi peşə hazırlığını da qiymətləndirir:

“Mən biliklərimi təkcə məktəb dərsliyi əsasında formalaşdırmamışam. Universitet təhsili almışam və ümumi musiqi biliklərimə əsaslanaraq cavab vermişəm. Müəllimlərin savadlı olmasını istəyən qurum nəzərə almalıdır ki, bu sualda həm “Fanfar”, həm də “Bariton”u seçən müəllimlər olacaq. Bu isə ya sualın düzgün hazırlanmadığını göstərir, ya da başqa suallar doğurur. Həm fanfar, həm də bariton iki mənalı termindir”.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ünvanladığımız sorğu hələlik cavablandırılmayıb. Cavab daxil olduğu təqdirdə materiala əlavə ediləcək.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər