Peskov: Ukrayna böhranının həlli ilə bağlı yeni təkliflər üzrə konkret irəliləyiş yoxdur
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həlli istiqamətində irəli sürülən yeni təkliflərlə bağlı hələlik konkret irəliləyişin olmadığını bildirib.
1news.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-də keçirəcəyi görüşlərdə hava məkanında atəşkəs təşəbbüsünün müzakirə olunacağı barədə iddialara münasibət bildirib.
"Bu məsələ ilə bağlı konkret irəliləyiş yoxdur. Münaqişənin həlli üçün yeni formul və təkliflərlə bağlı da hələlik konkret inkişaf müşahidə edilmir", – deyə Kremlin sözçüsü bildirib.
Peskov Zelenskinin Rusiyanın Ukraynadakı döyüşlərə təxminən 30 min Şimali Koreya hərbçisini cəlb etməyi planlaşdırdığı barədə iddialarını da şərh edib.
"Bu cür açıqlamaları şərh etməyə ehtiyac görmürəm. Planlarımız haqqında danışmaq Zelenskinin işi deyil", – deyə o vurğulayıb.
Kremlin sözçüsü Rusiyaya məxsus ticarət gəmilərinin silahlandırılması ehtimalına da toxunub. O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin Hərbi Dəniz Qüvvələrinə Rusiya gəmilərinin ələ keçirilməsi cəhdlərinə qarşı tədbirlər görülməsi ilə bağlı tapşırıq verib.
Peskovun sözlərinə görə, beynəlxalq dəniz hüququ ticarət gəmilərinin silahlandırılmasına imkan vermir.
"Buna görə də ticarət gəmilərinin əlavə silah və ya xüsusi avadanlıqla təchiz edilməsi mümkün deyil. Bununla belə, Rusiya Hərbi Dəniz Qüvvələri həmin gəmilərin mühafizəsini gücləndirmək üçün əlavə tədbirlər görə bilər", – deyə o əlavə edib.












