Olston Lourens: Bakı Təşəbbüs Qrupu bütün dünyanın gələcəyi üçün son dərəcə vacib iş görür
“Azərbaycan bizi son dərəcə qonaqpərvərliklə qarşıladı. Mənim fikrimcə, bu ölkə ümumi məqsəd naminə bu qədər dövləti bir araya gətirmək üçün ən uyğun məkanlardan biridir”.
Bunu 1news.az-a Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşəbbüsü ilə keçirilən “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” adlı beynəlxalq konfrans çərçivəsində Sen-Martendə fəaliyyət göstərən One SXM hərəkatının katibi, The Main News nəşrinin sahibi, tanınmış radio və televiziya aparıcısı Olston Lourens deyib.
Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu marjinallaşdırılmış icmaları bir araya gətirməklə bütün dünyanın gələcəyi üçün son dərəcə mühüm missiya həyata keçirir. Jurnalist qeyd edib ki, “marjinallaşdırılmış” dedikdə, sayları milyonlarla ölçülsə də, beynəlxalq arenada hələ də kənarda qalan icmaları nəzərdə tutur.
“Bu media konfransı olduqca əhəmiyyətlidir. Çünki media dekolonizasiya prosesinə hələ tam şəkildə cəlb olunmayan son sahələrdən biridir. Bu prosesdə iştirak edən insanlar üçün burada olmaq, şəbəkələşmə imkanlarını müzakirə etmək, bir-birimizlə daha sıx əlaqələr qurmaq və məzmun mübadiləsi aparmaq böyük əhəmiyyət daşıyır. Məqsəd dekolonizasiya ideyalarının mümkün qədər geniş auditoriyaya çatdırılmasıdır. Bakı Təşəbbüs Qrupu bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir və biz burada olmaqdan böyük məmnunluq duyuruq”, – deyə qonaq vurğulayıb.
Tədbir iştirakçısı Bakı haqqında təəssüratlarını da bölüşüb:
“Bakı çox gözəldir. Mən özüm də çox gözəl bir məkandan gəlirəm. Amma bu şəhərə, İçərişəhərə və Xəzər dənizinə baxanda səmimi deyə bilərəm ki, dünyanın bu bölgəsində həqiqətən möhtəşəm bir ölkəniz var”.












