İlham Əliyev: "Qazaxıstanla fəal təmas olmadan regionda heç bir layihə mümkün ola bilməz"
Azərbaycan və Qazaxıstan arasında fəal təmaslar olmadan bu regionda heç bir layihə mümkün ola bilməz.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
"Mən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Qarabağın bərpası ilə bağlı göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Füzulidəki incəsənət mərkəzi qazax xalqının böyük oğlu Kurbanqazının adını daşıyır. Biz onun açılışını Tokayevlə birlikdə etmişik, qardaş qazax xalqının dəstəyinə görə çox minnətdarıq. Əlbəttə, bizim şəxsi münasibətlərimiz də bu işdə çox mühüm faktordur. Həm regional, həm də ikitərəfli əməkdaşlıq üçün bizim çox geniş gündəliyimiz var. Biz Xəzər dənizinin sahilində yerləşən iki ölkə kimi çox fəal əməkdaşlıq edirik. Azərbaycan və Qazaxıstan arasında fəal təmaslar olmadan bu regionda heç bir layihə mümkün ola bilməz. Bununla yanaşı, biz infrastrukturun genişləndirilməsi üzrə işlər aparırıq. Bilərəm ki, Qazaxıstanda da liman infrastrukturunun genişləndirilməsi ilə bağlı işlər aparılır.
Artıq Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında birgə əməkdaşlıq formatı var. Çox vacib məsələlər – tariflər, rəqəmsallaşma, prosedurların, gömrük inzibatçılığının sadələşdirilməsi müzakirə olunur. Biz 2024-cü ildə Qazaxıstan və Özbəkistan prezidentləri ilə Xəzər dənizinin dibi ilə enerji kabelinin inşasına dair saziş imzaladıq. Bu gün onun texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Eyni zamanda, biz Qazaxıstanla fiberoptik kabelin tikintisini müzakirə edirik. O, həm bizim, həm də geniş coğrafiyanın rəqəmsallaşma, süni intellekt və data bazaları sahəsində inkişafına kömək edəcək. Qazaxıstanın nefti müəyyən həcmdə Azərbaycan üzərindən ixrac edilir. Yəni, bu regionda iki ölkə sıx təmasdadır, əməkdaşlıq edir. Biz də Qazaxıstanın onun prezidentinin rəhbərliyi altında nailiyyətlərinə sevinirik. Mən bu yaxınlarda tarixi Türküstan şəhərində səfərdə oldum və orada gördüklərimdən məndə dərin təəssürat yarandı ki, tarixi miras necə qorunur. Qardaş qazax xalqına uğurlar arzu edirəm!", - deyə o qeyd edib.












