Niyə “Kraudfandinq” termini olduğu kimi saxlanılır? - Komitəsi sədrindən Açıqlama
Milli Məclisdə “Kraudfandinq haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı beynəlxalq terminlərin Azərbaycan dilində qarşılıqları ilə əvəz olunması məsələsinə münasibət bildirilib.
1news.az xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun qəbulu mövcud qanunvericiliyə bir sıra yeni və beynəlxalq səviyyədə qəbul olunmuş anlayışlar gətirir.
“Bu anlayışlarla dilimiz daha da zənginləşir. Əgər onları dəyişdirib Azərbaycan dilində başqa sözlərlə əvəz etsək, bütövlükdə qanunların effektivliyinə mane ola bilərik”, – deyə komitə sədri qeyd edib.
Əli Hüseynlinin sözlərinə görə, qanun həm Azərbaycan vətəndaşları, həm də investorlar üçün nəzərdə tutulub:
“Onsuz da qanunvericiliyimizdə kifayət qədər bu cür anlayışlar mövcuddur. Əsas odur ki, həmin terminlərin bu qanunda izahları verilib”.
Milli Məclisin sədri Sahibə Qafarova da çıxışında beynəlxalq terminlərin saxlanılmasının vacibliyini vurğulayıb.
“Tərcümədə ekvivalentlik yoxdursa, termin olduğu kimi qalmalıdır. Bu anlayışlar beynəlxalq təcrübədə artıq qəbul olunub və hər birinin öz tarixçəsi var. Ona görə də həmin terminlərin saxlanılması qanunvericiliyimiz üçün daha faydalıdır”, – deyə Sahibə Qafarova bildirib.












