Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində bir sıra istiqamətdə əməkdaşlıq edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində bir sıra istiqamətdə əməkdaşlıq edəcək

First News Media17:23 - Bu gün
Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində bir sıra istiqamətdə əməkdaşlıq edəcək

Bakıda Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun 3-cü iclası keçirilib.

Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iclasda Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulavanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycan nümayəndə heyətinə mədəniyyət nazirinin müavini Fərid Cəfərov rəhbərlik edib.

Tədbirdə Azərbaycan və Gürcüstan arasında mədəni-humanitar əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Bildirilib ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın ardıcıl genişlənməsi üçün etibarlı zəmin yaradır.

Fərid Cəfərov çıxışında qeyd edib ki, Azərbaycan və Gürcüstanı ortaq tarix, zəngin mədəni irs və mehriban qonşuluq ənənələri birləşdirir. O vurğulayıb ki, son illərdə mədəniyyət sahəsində əməkdaşlıq yeni məzmun qazanaraq kitabxana işi, muzey fəaliyyəti, teatr, mədəni irsin qorunması, təsviri incəsənət, yaradıcı sənayelər, kino və rəqəmsal transformasiya kimi istiqamətləri də əhatə edən sistemli tərəfdaşlığa çevrilib.

Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulava səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycanla mədəni-humanitar əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.

İclas çərçivəsində teatrlar arasında qastrol və birgə səhnə layihələri, muzeylər və kitabxanalar arasında əməkdaşlıq, mədəni irsin qorunması, sərgilərin təşkili, yaradıcı sənayelər, kino sahəsində birgə təşəbbüslər, həmçinin mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

Görüşün yekununda tərəflər Birgə İşçi Qrupunun fəaliyyətinin iki ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm platforma olduğunu vurğulayaraq, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi və əlaqələrin gələcəkdə daha da genişləndirilməsi barədə razılıqlarını ifadə ediblər.

İclasın sonunda Azərbaycan Respublikası və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun 3-cü iclasının Protokolu imzalanıb. Protokolda mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair razılaşdırılmış istiqamətlər öz əksini tapıb.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər