Şuşadan verilən mesaj: Azərbaycan bu meyarların əksəriyyəti üzrə ciddi uğurlar əldə edib - ŞƏRH
“XXI əsrin üçüncü onilliyi beynəlxalq münasibətlər sistemində dərin geosiyasi dəyişikliklərlə yadda qalır”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Deputat vurğulayıb ki, belə mürəkkəb şəraitdə Azərbaycan milli maraqlara söykənən müstəqil xarici siyasəti, balanslaşdırılmış diplomatiyası və praqmatik əməkdaşlıq modeli sayəsində regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib.
“Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın yeni beynəlxalq reallıqlarda tutduğu yerə, ölkənin artan nüfuzuna və gələcək inkişaf strategiyasına aydınlıq gətirdi. Dövlət başçısının çıxışı göstərdi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Avrasiya məkanında mühüm geosiyasi aktora çevrilmiş dövlətdir. Son illərdə baş verən hadisələr beynəlxalq münasibətlər sistemində yeni geosiyasi xəritənin formalaşdığını göstərir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik, enerji bazarlarında dəyişikliklər və qlobal logistika marşrutlarının yenidən qurulması dövlətlər qarşısında yeni çağırışlar yaradıb. Bu proseslər fonunda Azərbaycanın strateji coğrafi mövqeyi daha da əhəmiyyət qazanıb. Məhz düşünülmüş və ardıcıl siyasət nəticəsində ölkəmiz regional proseslərin fəal iştirakçısından qlobal əhəmiyyət daşıyan tərəfdaşa çevrilib. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu həm siyasi, həm də iqtisadi baxımdan davamlı şəkildə artır”.
O bildirib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi infrastruktur layihələri ölkənin geosiyasi mövqeyini daha da gücləndirib.
“Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat və enerji qovşağı kimi beynəlxalq tərəfdaşların diqqət mərkəzindədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində yaradılmış müasir infrastruktur, siyasi sabitlik və etibarlı tərəfdaş imici bu gün öz real nəticələrini verir. Müasir beynəlxalq münasibətlərdə yalnız coğrafi mövqe uğur qazanmaq üçün kifayət etmir. Həmin üstünlüyün düzgün qiymətləndirilməsi, strateji layihələrlə dəstəklənməsi və etibarlı tərəfdaşlıq münasibətlərinin qurulması əsas şərtdir. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək nəqliyyat dəhlizlərinin inkişafına milyardlarla dollar investisiya yatırıb. Bunun nəticəsində ölkəmiz Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevrilib. Bu gün həyata keçirilən layihələr yalnız Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına mühüm töhfə verir”.
Deputat deyib ki, tranzit imkanlarının genişlənməsində qarşılıqlı etimad amili də mühüm rol oynayır.
“Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Orta Dəhliz layihələri, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil magistralları və beynəlxalq hava limanları Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, tranzit ölkə olmaq üçün yalnız infrastruktur kifayət deyil. Qonşularla qarşılıqlı etimada əsaslanan münasibətlər də eyni dərəcədə vacibdir. Azərbaycan son illər bütün qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq modelini inkişaf etdirərək regionda etibarlı tərəfdaş kimi qəbul olunur. Bu siyasət ölkəmizin beynəlxalq layihələrdə rolunu daha da gücləndirib. Azərbaycanın etibarlı tərəfdaş imici bu gün onun ən böyük üstünlüklərindən biridir. Məhz buna görə də beynəlxalq tərəfdaşlar ölkəmizlə uzunmüddətli əməkdaşlığa xüsusi önəm verirlər”.
Şahin Seyidzadə bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri balanslı diplomatiyadır.
“Ölkəmiz eyni vaxtda Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda fəal iştirak edir. Bu siyasət Azərbaycanın heç bir geosiyasi blokun qarşıdurmasında tərəf olmadan milli maraqlarını təmin etməsinə imkan yaradır. Son illər Avropa İttifaqı ilə münasibətlərdə müşahidə olunan yeni dinamika da bu siyasətin nəticəsidir. Avropa Komissiyası rəhbərliyinin Azərbaycana intensiv səfərləri, enerji əməkdaşlığının genişlənməsi və iqtisadi əlaqələrin inkişafı qarşılıqlı maraqların mövcud olduğunu göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasının əsas səbəblərindən biri də ölkənin verdiyi vədlərə əməl etməsidir. İstər enerji layihələrində, istər beynəlxalq nəqliyyat marşrutlarında, istərsə də humanitar təşəbbüslərdə Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bu amil mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyət daşıyır”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında toxunulan əsas məsələlərdən biri də Azərbaycanın artıq "orta güc" kimi qiymətləndirilməsi idi.
“Son illər beynəlxalq ekspertlər ölkəmizi regional deyil, daha geniş coğrafiyada təsir imkanlarına malik dövlət kimi xarakterizə edirlər. Əslində, 'orta güc' anlayışı yalnız iqtisadi göstəricilərlə müəyyən edilmir. Buraya dövlətin siyasi nüfuzu, diplomatik imkanları, təhlükəsizlik potensialı, regional təşəbbüsləri və beynəlxalq proseslərə təsir imkanları daxildir. Azərbaycan bu meyarların əksəriyyəti üzrə ciddi uğurlar əldə edib. İkinci Qarabağ müharibəsində tarixi Zəfərin qazanılması və dövlət suverenliyinin tam bərpa olunması ölkənin geosiyasi mövqeyini əsaslı şəkildə dəyişdi. Azərbaycan artıq münaqişə yaşayan deyil, regional sabitliyi formalaşdıran dövlət kimi çıxış edir. Qarabağın bərpası proqramı da beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr, investorlar və media təmsilçiləri bölgədə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin şahidi olurlar. Bu isə Azərbaycanın postmünaqişə inkişaf modelinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir”.
Şahin Seyidzadə deyib ki, beynəlxalq hüquqa sadiqlik və enerji təhlükəsizliyinə verilən töhfə Azərbaycanın qlobal əhəmiyyətini daha da artırır.
“Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də beynəlxalq hüququn aliliyinə verilən önəm idi. Azərbaycan bütün münaqişələrin beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsinin tərəfdarı olduğunu bir daha bəyan etdi. Bu mövqe ölkəmizin xarici siyasətində dəyişməz prinsip kimi qalır. Müasir dövrdə enerji təhlükəsizliyi geosiyasətin əsas elementlərindən birinə çevrilib. Avropanın enerji bazarında yaranmış yeni vəziyyət Azərbaycanın rolunu daha da artırıb. Ölkəmiz artıq Avropanın bir sıra dövlətləri üçün əsas enerji tərəfdaşlarından biridir. Bununla yanaşı, Azərbaycan yalnız enerji ixracatçısı deyil. Qarabağ və Şərqi Zəngəzur "Yaşıl enerji zonası" elan olunub, günəş və külək elektrik stansiyalarının tikintisi sürətlə davam etdirilir. Bu siyasət gələcəkdə Azərbaycanın enerji ixracının yeni mərhələsini formalaşdıracaq”.
Deputatın sözlərinə görə, rəqəmsal transformasiya və humanitar diplomatiya da Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən əsas istiqamətlərdəndir.
“Rəqəmsal transformasiya və süni intellekt sahəsində həyata keçirilən islahatlar ölkənin geosiyasi mövqeyini gücləndirən mühüm amillərdəndir. Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti yalnız təbii resurslarla deyil, innovasiya imkanları ilə də ölçülür. Azərbaycan bu istiqamətdə uzunmüddətli strategiya həyata keçirir. Azərbaycanın beynəlxalq nüfuzunu artıran digər mühüm istiqamət humanitar diplomatiyadır. COP29-a uğurlu ev sahibliyi, Qoşulmama Hərəkatına sədrliyi, Şuşa Qlobal Media Forumu, Bakı Humanitar Forumu və digər beynəlxalq platformalar ölkəmizin dialoq və əməkdaşlıq məkanı kimi tanınmasını təmin edib. Bu gün dünya siyasətində etimad ən böyük siyasi kapital hesab olunur. Azərbaycan məhz etibarlı tərəfdaş imici sayəsində müxtəlif dövlətlər arasında vasitəçilik təşəbbüslərində də iştirak edir. Bir çox ölkələrin Bakı ilə əməkdaşlığa xüsusi önəm verməsinin əsas səbəblərindən biri də budur”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini də ortaya qoyur.
“Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycanın məqsədi heç bir qarşıdurmanın tərəfi olmaq deyil. Əksinə, ölkəmiz regional sabitliyin, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verməyə çalışır. Bu yanaşma Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsasını təşkil edir. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, milli maraqların qorunması Azərbaycanın dəyişməz prioritetidir. Müstəqil siyasət yürütmək, təhlükəsizlik potensialını gücləndirmək, iqtisadi dayanıqlığı artırmaq və beynəlxalq tərəfdaşlıq əlaqələrini inkişaf etmək ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətləridir. Qlobal çağırışların artdığı bir dövrdə Azərbaycan həm təhlükəsizlik, həm enerji, həm logistika, həm də diplomatiya sahəsində mühüm rol oynayır. Bu rol yalnız region üçün deyil, Avropa və Asiya arasında əməkdaşlığın inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır. Nəticə etibarilə, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeni, milli maraqlara əsaslanan xarici siyasət kursunu və gələcəyə yönəlmiş strateji baxışını bir daha nümayiş etdirdi. Müasir geosiyasi reallıqlar fonunda Azərbaycan beynəlxalq gündəliyə təsir göstərən, etibarlı tərəfdaş kimi qəbul olunan və qlobal əməkdaşlıq proseslərində fəal iştirak edən dövlət kimi mövqeyini bundan sonra da gücləndirəcək”.








