Azərbaycanda nəqliyyat sahəsində Məlumat Anbarı yaradılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat əsaslı idarəetməni gücləndirmək üçün Məlumat Anbarının (Data Warehouse – DWH) yaradılması istiqamətində işlər aparır.
1news.az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.
Süni intellektin tətbiqi üçün zəmin
Məlumata əsasən, yaxın və ortamüddətli perspektivdə AYNA süni intellekt əsaslı qərarvermə dəstəyi, vətəndaş müraciətlərinin ağıllı emalı, rəqəmsal köməkçilərin (AI Assistant) tətbiqi, "Big Data" analitikası vasitəsilə sərnişin və nəqliyyat axınlarının təhlili, proqnozlaşdırıcı analitika, risk əsaslı nəzarət mexanizmləri və proseslərin daha geniş avtomatlaşdırılması nəzərdə tutulur:
"DWH layihəsi isə müxtəlif informasiya sistemlərində toplanan məlumatların va HID platformada birləşdirilməsini, standartlaşdırılmasını və təhlil üçün əlçatan olmasını təmin edəcək. DWH infrastrukturu "Big Data" analitikası üçün etibarlı baza rolunu oynayacaq. Platformada ictimai nəqliyyat, sərnişin axını, marşrutların fəaliyyəti, yol hərəkətinin intensivliyi və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumatlar vahid mühitdə emal ediləcək. Bu da böyük həcmli məlumatların təhlilinə, tendensiyaların müəyyənləşdirilməsinə və gələcək nəqliyyat tələbatının daha dəqiq proqnozlaşdırılmasına imkan verəcək".
AYNA-dan əlavə edilib ki, Məlumat Anbarı həmçinin süni intellekt və proqnozlaşdırıcı analitika həllərinin tətbiqi üçün möhkəm zəmin yaradacaq:
"Bunun nəticəsində nəqliyyat şəbəkəsinin planlaşdırılması, resursların idarə olunması, marşrutların optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması daha səmərəli olacaq, qərarlar isə məlumatlara əsaslanaraq daha operativ qəbul ediləcək. Uzunmüddətli perspektivdə isə DWH və "Big Data" texnologiyalarının tətbiqi AYNA-nın rəqəmsal transformasiya strategiyasının əsas istiqamətlərindən biri olaraq daha ağıllı, dayanıqlı və vətəndaşyönümlü nəqliyyat ekosisteminin formalaşmasına mühüm töhfə verəcək".
Nəqliyyat sahəsində əsas prioritetlər
Məlumata əsasən, AYNA son illərdə nəqliyyat sahəsində dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirib:
"Bu məqsədlə sərnişinlər, sürücülər, daşıyıcılar və dövlət qurumları üçün xidmətlərin vahid rəqəmsal mühitdə təqdim olunmasını təmin edən müasir informasiya sistemləri yaradılıb. Bu ekosistemin əsasını AYNA İnformasiya Sistemi və onun altsistemləri təşkil edir. Bununla yanaşı, şəhər mobilliyinin idarə olunması üçün "Rəqəmsal Əkiz" (Digital Twin), "Taksi Rəqəmsal Əkiz" platformaları, şəhərlərarası sərnişin daşımaları üzrə Biletim.az, parklanmanın idarə olunması üçün "AzParking", ictimai nəqliyyatda QR-kod və NFC əsaslı nağdsız ödəniş sistemi, eləcə də vahid mobillik platforması olan "AYNA MaaS" (Mobility as a Service) yaradılıb və davamlı inkişaf etdirilir. AYNA İnformasiya Sistemi vasitəsilə daşıyıcıların elektron qeydiyyatı, elektron əmtəə-nəqliyyat qaiməsinin tərtibi, fərqlənmə nişanlarının və beynəlxalq daşımalar üçün icazə blanklarının verilməsi, şəhərlərarası avtobus biletlərinin onlayn satışı, elektrik doldurma məntəqələrinin məlumat bazası, elektron formulyarların hazırlanması, rəqəmsal taxoqraf kartları üçün müraciətlər, avtovağzal və avtostansiyalara pasportların verilməsi, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinə xüsusi icazələrin rəsmiləşdirilməsi, həmçinin reysqabağı texniki baxış və tibbi müayinələrin elektron uçotu həyata keçirilir".
Qeyd edilib ki, AYNA-nın ən mühüm innovativ layihələrindən biri "Rəqəmsal Əkiz" platformasıdır:
"Bakı şəhərinin virtual modelini yaradan bu sistem süni intellekt və "Big Data" texnologiyalarından istifadə etməklə real vaxt rejimində məlumatları emal edir, nəqliyyat axınlarını təhlil edir və proqnozlaşdırır. Platforma yol infrastrukturunun səmərəliliyinin qiymətləndirilməsi, sıxlığın azaldılması, avtobus marşrutlarının optimallaşdırılması, ictimai nəqliyyatın əlçatanlığının artırılması, eləcə də qəza və təmir zamanı alternativ hərəkət ssenarilərinin hazırlanmasına imkan verir. Taksi sahəsində tətbiq olunan "E-taksi" altsistemi və "Taksi Rəqəmsal Əkiz" platforması operatorlardan alınan adsızlaşdırılmış məlumatları real vaxtda emal edərək bazarı təhlil edir. Bu sistem taksi kvotalarının müəyyənləşdirilməsi, sıxlığın və sərnişin axınının analiz edilməsi, həmçinin icazə və buraxılış kartlarının tam rəqəmsal idarə olunmasını təmin edir".
AYNA-dan bildirilib ki, rəqəmsallaşma istiqamətində mühüm yeniliklərdən biri də SİMA rəqəmsal identifikasiya sisteminin taksi platformalarına inteqrasiyasıdır:
"Biometrik identifikasiya sürücünün şəxsiyyətini təsdiqləyir, qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsi ilə fəaliyyət göstərilməsi və ya sürücü hesabından başqa şəxslərin istifadə etməsi kimi halların qarşısını alır. İctimai nəqliyyatda da rəqəmsal həllər geniş tətbiq olunur. Sərnişinlər fiziki "BakıKart", mobil tətbiqlər vasitəsilə yaradılan QR-kod, eləcə də NFC texnologiyasını dəstəkləyən bank kartları və mobil cihazlarla ("Apple Pay" və "Google Pay") ödəniş edə bilirlər. Bu sistem hazırda Bakı şəhərində nağdsız ödəniş sistemi tətbiq olunan bütün avtobus marşrutlarında, Gəncə, Xankəndi şəhərdaxili avtobuslarında, eləcə də Bakı–Sumqayıt marşrutlarında istifadə olunur".
Vurğulanıb ki, son 3-5 ildə AYNA elektron xidmətlərin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib:
"Beynəlxalq avtomobil daşımaları sahəsində təqdim olunan elektron xidmətlər təkmilləşdirilib, icazələrin alınması və idarə olunması tam elektron mühitə keçirilib, əməkdaşlıq edilən ölkələrin sayı artırılıb. Fərqlənmə nişanlarının, taxoqraf kartlarının verilməsi, elektron müraciət və ödənişlər, eləcə də daxili sənəd dövriyyəsi üzrə proseslər də tam rəqəmsallaşdırılıb. Beynəlxalq yükdaşımalarında istifadə olunan "e-Permit" sistemi də mərhələli şəkildə genişləndirilir. Azərbaycan artıq Rusiya və İranla bu sistem üzrə razılıq əldə edib. Bundan əvvəl Türkiyə, Qırğızıstan və Özbəkistanla elektron icazə blanklarının mübadiləsinə başlanılıb, Türk Dövlətləri Təşkilatı çərçivəsində işlər davam etdirilir. Növbəti ildən isə Azərbaycan və Qazaxıstan arasında yalnız elektron icazə blanklarından istifadə olunacaq. Həmçinin Monqolustanla qarşılıqlı icazə blanklarının sayı 10 dəfə, Çinlə isə beynəlxalq yükdaşımaları üzrə icazə kvotası 5 dəfə artırılıb".
Əlavə olunub ki, bununla yanaşı, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində "e-CMR" – elektron əmtəə-nəqliyyat qaiməsi sistemi tətbiq edilir:
"AYNA Təlim-Tədris Mərkəzində beynəlxalq yük və sərnişin daşıyan sürücülər, eləcə də taksi sürücüləri üçün təlimlər "ayna.empro.az" platforması vasitəsilə onlayn və ya əyani formatda keçirilir. Kağız üzərində aparılan bir çox proses elektron iş axınları ilə əvəz edilib, sənəd dövriyyəsi və qərarların razılaşdırılması tam rəqəmsal mühitə keçirilib. Hazırda AYNA-nın təqdim etdiyi xidmətlərin təxminən 90 %-i tam rəqəmsal formatda göstərilir və rəqəmsallaşdırma prosesi mərhələli şəkildə davam etdirilir".
Vaxta qənaət, dövlət resurslarından səmərəli istifadə
Məlumatda qeyd edilib ki, rəqəmsal həllərin tətbiqi vətəndaşlarla dövlət arasında qarşılıqlı əlaqənin daha rahat və çevik qurulmasına imkan yaradıb:
"Artıq daşıyıcılar, sərnişinlər və sürücülər bir çox xidmətdən istənilən vaxt, istənilən yerdə elektron qaydada istifadə edə, müraciətlərini, eləcə də ödənişlərini onlayn həyata keçirə və müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləyə bilirlər. Elektron xidmətlərin genişləndirilməsi dövlət qurumlarına fiziki müraciətlərin və növbələrin sayını azaldıb, xidmətlərin göstərilmə müddətini xeyli qısaldıb. Eyni zamanda, elektron sənəd dövriyyəsi həm insanların vaxtına qənaət edir, həm də dövlət resurslarından daha səmərəli istifadəyə imkan yaradır".
Agentlikdən bildirilib ki, rəqəmsal sistemlər şəffaflığın artırılmasına da xidmət edir:
"Müraciətlərin bütün mərhələləri elektron qaydada qeydə alındığı üçün proseslər izlənilə bilir, insan amilindən asılılıq azalır və xidmətlərin keyfiyyəti yüksəlir. AYNA-nın təqdim etdiyi mühüm rəqəmsal həllərdən biri də "AYNA MaaS" mobil tətbiqidir. Tətbiq ictimai nəqliyyatdan istifadəni daha rahat və səmərəli edir. İstifadəçilər marşrutlarını planlaşdıra, dayanacaqlar barədə məlumat əldə edə və avtobusların hərəkətini real vaxt rejimində izləyə bilirlər. Bu da avtobusun dayanacağa çatma vaxtını əvvəlcədən görməyə, gözləmə müddətini azaltmağa və səfərləri daha səmərəli planlaşdırmağa imkan verir".
Sahibkarlara vahid biznes ekosistemi üzərindən çıxış imkanı
Vurğulanıb ki, AYNA rəqəmsal hökumət ekosisteminin fəal iştirakçılarından biridir və müxtəlif dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir:
"Agentliyin xidmətləri "digital bridge" platforması üzərindən təqdim edilir. Eyni zamanda, aidiyyəti dövlət qurumlarının informasiya sistemləri ilə məlumat mübadiləsi aparılır. Bu, vətəndaş və sahibkarlardan eyni məlumatın təkrar tələb olunmasının qarşısını alır və xidmətlərin daha operativ göstərilməsini təmin edir. AYNA İnformasiya Sistemi Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin məlumat bazaları ilə birbaşa inteqrasiya olunub. Ödənişlərin şəffaf uçotu üçün Hökumət Ödəniş Portalı (GPP) ilə tam əlaqə yaradılıb".
Agentlikdən əlavə edilib ki, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması məqsədilə Ədliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemlərindən real vaxt rejimində məlumat əldə olunur:
"Bundan əlavə, İcbari Sığorta Bürosu və Əmlak Məsələləri Dövlət Xidmətinin reyestrləri vasitəsilə sığorta və mülkiyyət hüquqları avtomatik yoxlanılır. Hazırda "MyGov Biznes" portalı ilə də inteqrasiya işləri davam etdirilir. Bu əməkdaşlıq sahibkarlara digər rəqəmsal xidmətlərə vahid biznes ekosistemi üzərindən çıxış imkanı yaradır və sənəd dövriyyəsinin tamamilə kağızsız formada aparılmasını təmin edir".












