Kamaləddin Qafarov: “Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaş kimi qəbul olunur” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaş kimi qəbul olunur”

First News Media12:25 - Bu gün
Kamaləddin Qafarov: “Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaş kimi qəbul olunur”

“Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha göstərdi ki, Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiya getdikcə daha mühüm yer tutur”.

1news.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında söyləyib.

O, bidirib ki, dünyanın aparıcı iqtisadi güclərindən biri olan Almaniya ilə yüksəksəviyyəli təmasların intensivləşməsi təkcə siyasi münasibətlərin inkişafına deyil, həm də qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə xidmət edir.“Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr bu baxımdan mühüm mesajlar verdi. Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirib. Məhz bunun nəticəsidir ki, ölkəmiz bu gün beynəlxalq biznes dairələri üçün etibarlı və perspektivli tərəfdaş kimi qəbul olunur. Almaniya kimi sənaye və texnologiya nəhəngi olan bir dövlətlə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm elementlərindən biri kimi çıxış edir.”

Millət vəkili qeyd edib ki, səfərin ilk günündə Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşü xüsusi diqqət çəkdi. Bu görüş Almaniya işgüzar dairələrinin Azərbaycana olan marağının davamlı xarakter aldığını göstərməklə yanaşı, yeni investisiya layihələrinin reallaşdırılması üçün geniş imkanların mövcudluğunu da ortaya qoydu. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu, sabit siyasi mühiti və dinamik iqtisadi inkişafı Almaniya şirkətlərinin ölkəmizə marağını şərtləndirən əsas amillər sırasındadır. Bu gün Azərbaycan yalnız enerji resurslarının ixracatçısı kimi deyil, həm də regionun əsas logistika və sənaye mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirir.

Xəzər hövzəsini Avropa ilə birləşdirən nəqliyyat marşrutlarının inkişafı, Orta Dəhlizin genişləndirilməsi, yeni sənaye zonalarının yaradılması ölkəmizin iqtisadi potensialını daha da artırır. Almaniya kimi yüksək texnologiyalar və innovasiyalar sahəsində böyük təcrübəyə malik dövlətlə əməkdaşlıq bu imkanların daha səmərəli reallaşdırılmasına xidmət edə bilər. Azərbaycan və Almaniya nümayəndə heyətlərinin keçirdiyi görüşlərdə iqtisadi əlaqələrin geniş spektrdə müzakirə olunması təsadüfi deyil.

Enerji, yaşıl texnologiyalar, rəqəmsal transformasiya, sənaye kooperasiyası, nəqliyyat, logistika və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı hər iki ölkənin maraqlarına cavab verir. Xüsusilə bərpaolunan enerji sahəsində Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələr Almaniya şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır. Səfər çərçivəsində imzalanan sənədlər də iqtisadi münasibətlərin gələcək inkişafına mühüm hüquqi baza formalaşdırır. Bu sənədlər qarşılıqlı etimadın möhkəmləndiyini, tərəflərin uzunmüddətli və davamlı əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirir. İqtisadi əlaqələrin institutsional əsaslarının gücləndirilməsi gələcəkdə ticarət dövriyyəsinin artmasına, investisiyaların genişlənməsinə və birgə layihələrin sayının çoxalmasına əlverişli şərait yaradacaq.

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi diplomatiya Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Xarici investorlar üçün etibarlı tərəfdaş imicinin güclənməsi, ölkəmizin regional iqtisadi layihələrdə aparıcı rolunun artması və yeni bazarlara çıxış imkanlarının genişlənməsi bu siyasətin real nəticələridir. Ölkə başçısının Almaniyaya rəsmi səfəri bir daha təsdiqlədi ki, Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıqda təşəbbüskar, etibarlı və məsuliyyətli tərəfdaşdır.

İki ölkə arasında formalaşan yeni əməkdaşlıq mühiti təkcə bugünkü münasibətlərin deyil, həm də gələcək onilliklərin inkişaf perspektivlərini müəyyənləşdirən mühüm amillərdən biri olacaq. Prezident İlham Əliyevin bu səfəri iqtisadi tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəlməsi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirilə bilər”.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər