Tramp zarafatla yenidən namizədliyini irəli sürməyi planlaşdırdığını bildirib
ABŞ Prezidenti Donald Tramp zarafatla 2028-ci ildə yenidən dövlət başçısı postuna namizədliyini irəli sürəcəyini elan edib.
Bu barədə 1news.az "İnterfaks"a istinadən xəbər verir.
"Mən ABŞ prezidenti postuna dördüncü müddətə namizədliyimi irəli sürməyi planlaşdırıram", - o, Ağ Evdə akkreditə olunmuş jurnalistlərlə şam yeməyindəki çıxışı zamanı bildirib.
O, bu sözləri deyərkən üzərində "Tramp 2028" yazılmış kepka taxıb. Ənənəyə görə, ABŞ prezidentləri media işçiləri ilə illik şam yeməyində yumorla çıxış etməyə çalışırlar.
ABŞ Konstitusiyası eyni şəxsin iki müddətdən artıq ölkə prezidenti postunu tutmasını qadağan edir. Tramp dördüncü prezidentlik müddətindən danışarkən nəzərdə tuturdu ki, onun fikrincə, o, 2020-ci ildə seçkiləri qazanıb və buna görə də həmin vaxt prezident Cozef Bayden deyil, özü olmalı idi.
Eyni zamanda, D.Tramp çıxışı zamanı jurnalistləri onun dövlət başçısı postundakı fəaliyyətini qeyri-obyektiv işıqlandırdıqlarına görə tənqid edib. O zarafat edib ki, prezidentlik müddəti başa çatdıqdan sonra jurnalistlər müflis olacaqlar, "çünki artıq barəsində yazılacaq heç kim olmayacaq".
Prezident səhiyyə naziri kiçik Robert Kennedi haqqında da zarafat fikirləşib:
"Ümid edirəm ki, bu gün sizə verilən möhtəşəm mal ətini bəyəndiniz. O xüsusidir. Nəzərinizə çatdırmaq istəyirdim ki, burada olan Bobbi Kennedi bu inəyi şəxsən öz maşını ilə vurub. O, özü inəyi tikələrə doğrayıb və buraya gətirib. Ona görə də ət lap təzədir".












