Si Cinpin Qırğızıstana dövlət səfəri edəcək
Çin lideri Si Cinpin 31 avqust - 1 sentyabr tarixləri aralığında Qırğızıstana dövlət səfəri edəcək və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın xairic işlər naziri Ceenbek Kulubayev çinli həmkarı Van İ ilə görüşündə bildirib.
"Bugünkü görüş bizə Çin Sədri cənab Si Cinpinin Qırğız Respublikasına dövlət səfərinə hazırlıq məsələlərini və onun ŞƏT sammitində iştirakını müzakirə etmək imkanı verib", - Kulubayev bildirib.
Nazirin sözlərinə görə, son illər Qırğızıstan və Çin arasında münasibətlər qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında davamlı olaraq inkişaf edir. O həmçinin qeyd edib ki, iki ölkə arasında siyasi fikir ayrılıqları yoxdur, ali səviyyədə müntəzəm təmaslar isə yaxşı ənənəyə çevrilib.
Təşkilatın dövlət başçılarının iştirakı ilə ŞƏT sammiti 31 avqust - 1 sentyabr tarixləri aralığında Qırğızıstanda keçiriləcək.












