Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
Azərbaycan Hava Yolları İstanbul və Tbilisi istiqamətlərində uçuş proqramını genişləndirib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu istiqamətlərə tələbatın çox olduğu nəzərə alınaraq, 4 avqust – 30 sentyabr tarixləri arasında Bakı – İstanbul marşrutu üzrə həftəlik reyslərin sayı 17-dən 21-ə, 2-30 avqust tarixləri arasında isə Bakı – Tbilisi marşrutu üzrə həftəlik reyslərin sayı 42-dən 46-ya çatdırılıb.
Əlavə reyslər artan sərnişin tələbatını qarşılamaqla yanaşı, səyahətlərin daha rahat planlaşdırılmasına və uçuş seçimlərinin genişlənməsinə imkan yaradacaq.
Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı sərnişin axınını mütəmadi təhlil edərək uçuş proqramını bazarın ehtiyaclarına uyğun şəkildə optimallaşdırmağa davam edir. Aviaşirkət marşrut şəbəkəsinin inkişafı, donanmanın müasirləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində sərnişinlər üçün daha əlçatan və rahat səyahət imkanları yaratmağı hədəfləyir.
Aviabiletləri rəsmi www.azal.az saytından, AZAL mobil tətbiqindən, həmçinin aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.












