Cənubi Koreyada son 122 ilin temperatur rekordu qeydə alınıb
Cənubi Koreyada davam edən güclü istilər fonunda ölkənin cənub-şərqində yerləşən Busan şəhərində son 122 ilin ən yüksək hava temperaturu qeydə alınıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Yonhap agentliyinin yaydığı məlumata görə, Koreya Meteorologiya Administrasiyası (KMA) Busanda havanın temperaturunun 38,8 dərəcəyə çatdığını açıqlayıb.
Bununla da şəhərdə 2016-cı ildə qeydə alınmış 37,7 dərəcəlik əvvəlki rekord yenilənib. Eyni zamanda, 1904-cü ildən meteoroloji müşahidələrin aparıldığı dövrdən bəri Busanda ən yüksək temperatur ölçülüb.
Digər tərəfdən, Koreya Meteorologiya Administrasiyası paytaxt Seulun şərq və cənub-qərb bölgələri üçün də yüksək temperatur xəbərdarlığı yayıb.
Mütəxəssislər əhalini günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağa və zəruri ehtiyat tədbirlərinə əməl etməyə çağırıblar.












