Reuters: İran Çindən yüzlərlə daşına bilən HHM sistemi almağa çalışır
İran yaxın həftələr ərzində Çin istehsalı olan daşına bilən hava hücumundan müdafiə (HHM) raket komplekslərinin ilk partiyasını qəbul etməyi planlaşdırır. Bu barədə razılaşma ilə tanış olan üç mənbəyə istinadən Reuters məlumat yayıb.
1news.az xəbər verir ki, məlumatda bildirilir ki, dəyəri 60-70 milyon dollar olan müqavilə çərçivəsində İran 300-400 ədəd daşına bilən hava hücumundan müdafiə sistemi (MANPADS), o cümlədən Çin istehsalı olan QW-12 və FN-16 raketlərini əldə edəcək.
Mənbələrin sözlərinə görə, müqavilə Honq-Konqda qeydiyyatdan keçmiş Zhongqing Baoshang International Investment şirkəti ilə imzalanıb. Şirkətin İran tərəfi ilə Çin istehsalçısı arasında vasitəçi rolunu oynadığı qeyd edilir.
Bildirilir ki, bu, ABŞ və İsraillə son aylarda yaşanan müharibədən sonra Tehranın qısa mənzilli hava hücumundan müdafiə imkanlarını gücləndirmək istiqamətində atdığı ən böyük addımlardan biridir. Müharibə zamanı İranın hərbi obyektlərinin və strateji infrastrukturunun müdafiəsində ciddi çatışmazlıqların üzə çıxdığı vurğulanır.
Məlumata görə, ilkin mərhələdə sistemlərin Çinin Urumçi şəhərindən hava yolu ilə göndərilməsi, daha sonra isə Pakistan üzərindən İrana çatdırılması nəzərdə tutulur. Bununla belə, mənbələr çatdırılma qrafiki, dəqiq say və digər texniki detalların hələ dəyişə biləcəyini istisna etməyiblər.
Çin Xarici İşlər Nazirliyi isə yayılan məlumatları təkzib edib.
"Müvafiq xəbərlər tamamilə əsassızdır. Çin ardıcıl olaraq sülhün təşviqi və münaqişənin başa çatdırılması istiqamətində fəaliyyət göstərir", - deyə qurumdan bildirilib.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) də Çindən İrana hava hücumundan müdafiə sistemlərinin çatdırılmasında Pakistanın iştirak etməsi barədə iddiaların həqiqətə uyğun olmadığını açıqlayıb.
Reuters qeyd edir ki, daşına bilən HHM sistemləri kiçik qruplar tərəfindən sürətlə yerləşdirilə və yerini dəyişə bildiyi üçün sabit zenit-raket kompleksləri ilə müqayisədə daha çevik müdafiə vasitəsi hesab olunur. Agentliyin məlumatına görə, İran Çin istehsalı olan hərbi məhsulların və ikili təyinatlı komponentlərin ölkəyə çatdırılması üçün alternativ quru marşrutlarını da nəzərdən keçirir.
Agentlik xatırladır ki, daha əvvəl İranın Çinlə gəmi əleyhinə qanadlı raketlərin alınmasına dair ayrıca razılaşmaya yaxın olduğu barədə də məlumat yayılmışdı. Lakin həmin razılaşmanın yekunlaşıb-yekunlaşmadığı hələ məlum deyil.












